Medianews.az
İran səfiri Azərbaycana
86 baxış

İran səfiri Azərbaycana təşəkkür etdi

İranın səfiri Müctəba Dəmirçilu Rusiyadan göndərilən humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycana təşəkkür edib.

Medianews.az "Report"a istinadən xəbər verir ki, səfir Lənkəran hava limanında jurnalistlərə açıqlamasında Rusiya tərəfindən İrana göndərilən humanitar yardımı Lənkəran aeroportunda qarşıladığını deyib.

"Bu təşəbbüsə görə Rusiya dövləti və xalqına, eyni zamanda, yaradılan şəraitə görə isə Azərbaycan hökuməti və xalqına minnətdarlığımı bildirirəm".

O xatırladıb ki, ötən günlərdə Azərbaycan da birinci humanitar yardımını İrana yola salmışdı:

"Bu bizim ortaq, müştərək mədəniyyətimizdən gəlir ki, biz dar günlərimizdə bir-birimizə kömək edirik. Mən bir daha fürsətdən istifadə edib həm Azərbaycan hökumətinə, həm də xalqına həmrəyliyə görə, humanitar yardıma görə təşəkkürlərimi ifadə edirəm".

Rusiya tərəfinin yaydığı məlumata görə, İrana 13 tondan çox humanitar yük - dərman və tibbi ləvazimatlar göndərilir.

Qeyd edək ki, martın 11-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Vladimir Putin Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Martın 10-da Azərbaycan İrana humanitar yardım göndərib. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil idi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Bizə qoşulun