Ermənistanın Baş naziri Nikol Paşinyan və partiyasının qarşıdakı seçkilərdə əsas rəqibi aşağı-yuxarı bəlli. Bu – ev dustaqlığında olan erməni əsilli rusiyalı oliqarx-milyarder Samvel Karapetyan və onun təsis elədiyi “Güclü Ermənistan” hərəkatıdır.
Son rəy sorğuları da göstərir ki, hakim partiyadan sonra ən çox tərəfdarı olan Karapetyandır. Artıq o, seçkilərlə bağlı əsas əngəlin aradan qalxması üçün Rusiya və Kipr vətəndaşlığından imtina edəcəyini bildirib. Aprelin 23-ə, qeydiyyat müddəti bitənədək onun öz sözünü tutub-tutmayacağını isə görəcəyik. Əks halda, yerli MSK Karapetyanı seçkilərə buraxmaya bilər...
Hərçənd, belə bir ehtimal böyük deyil. Əsas da ona görə ki, hazırda sabiq prezident, “Ermənistan” blokunun başçısı Robert Köçəryan yox, məhz Samvel Karapetyan Rusiyanın "stavka" elədiyi əsas adamı sayılır. Daha bir səbəbə: keçmiş xunta rejiminin baş simvolu və ictimai nifrət obyekti Köçəryandan fərqli olaraq, Karapetyan erməni cəmiyyəti üçün bur növ “təzə və təmiz sima”dır. Üstəgəl, o, çox zəngin adamdır.
O da sirr deyil ki, aprelin 1-də Kremldə Nikol Paşinyanla görüşdə Putin doyasıyla Karapetyanın xahişini eləmişdi. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin bu günlərdə Ermənistan MSK-sına getməsi də şübhəsiz, “Karapetyan məsələsi” ilə birbaşa bağlı olub.
Bu və digər səbəbdən Nikol Paşinyan yəqin ki, Samvel Karapetyanla bağlı açıq demarşa gedib bu təlatümlü dönəmdə Rusiyanı izafi yerə qıcıqlandırmaz. Və onun əsas adamına seçkilərdə qalib gəlməyi üstün tutar ki, 7 iyundan sonra ölkədə və beynəlxalq aləmdə legitimliyi şübhə doğurmasın...
Görünür, qeydiyyat probleminin olmayacağını zənn edən Karapetyan tərəfdarları bu səbəbə indidən bir neçə istiqamətdə fəallaşıblar. Az öncə İrəvanın mərkəzində keçirilən mitinq bu xüsusda diqqətçəkicidir. Məsələn, video-müraciətində milyarder erməni seçicilərə “rifahlı gələcək”, yüz minlərlə iş yeri vəd eləsə də, ölkənin 1 nömrəli problemindən – Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmağın vacibliyindən heç nə söyləməyib. Əvəzində mifik “artsax xalqının hüquqlarından” danışıb.
Президент Группы компаний Ташир, основатель Клуба инвесторов Армении Самвел Карапетян - Sputnik Армения, 1920, 28.06.2025
Bundan əlavə, onun tərəfdarlarının yaydığı bəzi materiallarda Qarabağ yenidən Ermənistanın tərkib hissəsi olaraq göstərilir. Gələn məlumatlara görə, onlar hətta seçiciləri şirnikləndirmək üçün onlara pul paylamağa da başlayıblar. Qələbəsinə əmin olan qüvvə buna gedərmi? Artıq bir necə nəfər həbs də edilib...
Gözlənildiyi kimi, radikal müxalifətin bu qəbil hərəkətlənmələrinə Paşinyanın reaksiyası çox sərt olub. Baş nazir deyib ki, bəzi müxalifət qüvvələri ölkəni və xalqı “dağıdıcı avantüraya” sürükləmək istəyir, Ermənistanın yalnız beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalı olduğunu söyləyir və bu yanaşmanı açıq şəkildə təbliğ edirlər.
“Bu gün müxalifət qüvvələri Qarabağı və ətraf bölgələri təsvir edən xəritələr, eləcə də onları simvolizə edən bayraqları qaldırırlar. Bu məntiqin davamı qaçılmaz müharibə deməkdir. Məhz buna görə insanlar (Azərbaycanla) sülh uğrunda ayağa qalxmalıdırlar, çünki bu, onların sülhüdür və ona hər hansı müdaxilə fəlakətə bərabərdir”, - Paşinyan vurğulayıb və xəbərdarlıq edib ki, Ermənistan bu cür siyasətin ağır nəticələrini artıq öz tarixində yaşayıb. Sonda isə vurğulayıb ki, regionda sülhün qorunmasının tək şərti beynəlxalq hüquqa əsaslanan yanaşmadır.
Yəni yenə 29.7 kvadrat kilometrlik ərazidən kənara çıxmamaq imperativi. Çünki qoltuq altında daşla sülh və barışıq olmur! “Artsax”ın əski parçasını müharibə bayrağına çevirənlərə isə cavabımız tərəddüdsüz və misli ilə olacaq...
Zahid SƏFƏROĞLU