Medianews.az
İstanbulda da “19 erməni?!” -
90 baxış

İstanbulda da “19 erməni?!” - biri Simonyana “özünə gəl!” deyəydi...

Ermənistan Silahlı Qüvvələrinin 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verməsi sülh yolunda növbəti addım oldu. Ümid edirik ki, Qazaxın işğal altındakı 3 kəndi və Sədərəkin Kərki kəndi də Azərbaycanın tabeliyinə qaytarılacaq və bu mövzu qapanacaq. Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin inkişafı da sülhün və təhlükəsizliyin qalıcılığına töhfə sayıla bilər. Rəsmi məlumata görə, təkcə Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana 26 min ton yük daşınıb. Yuxarı Lars keçid-buraxılış məntəqəsindəki “havadan asılı” vəziyyətində qalan Ermənistan üçün Azərbaycan yolunun açılması müstəsna əhəmiyyət kəsb edir. Yüklərin əsas hissəsini buğda və gübrə təşkil etməsi isə özündə çox şeyləri ehtiva edir. Digər tərəfdən, Azərbaycan Ermənistana yanacaq satışını davam etdirir. Ermənistan rəhbərliyi üçün bu addımın fövqəladə əhəmiyyəti var. Gərək Azərbaycan benzini hesabına seçkiqabağı öz işlərini xeyli yüngülləşdirməyə nail olan Nikol Paşinyan gecələr “işıqları söndürüb, qaranlıqda oynasın”.

Yenə də rəsmi statistikaya müraciət edək: indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb. Ermənistan hökuməti etiraf edir ki, Azərbaycan benzini erməni inhisarçılarının belini qırıb, qiymətlər aşağı düşüb, keyfiyyət də öz yerində.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata  keçiriləcək

Belə olduğu təqdirdə rəsmi İrəvanın və ümumiyyətlə, Ermənistanın üzərinə düşən nədir? Təkcə alqışla iş bitməz, görüləsi işlər var. Amma müşahidələr göstərir ki, Ermənistan rəhbərliyi müəyyən hallarda revanşistlərin ağzına “mövzu atırlar”, onların “lampasına nöyüt tökürlər”. Söhbətin nədən getdiyini açıqlayaq...

Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda keçirilən 152-ci Parlamentlərarası İttifaqın Forumu çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovla görüşüb. Görüşdən sonra o, REAL TV-yə müsahibəsində görüşün yaxşı keçdiyini, heç bir fikir ayrılığının olmadığını deyib. Hətta “qarşılıqlı anlaşma, münasibət münasibəti, gələcək əməkdaşlıq planları”nın olduğunu bildirib. Danışıqlar zamanı heç bir maneə ilə qarşılaşmadığını və bundan sonra da olmayacağına ümidini ifadə edib. Bunlar yaxşı...Onsuz da Azərbaycan sülh təşəbbüsçüsü olan ölkə kimi heç zaman danışıqlara xələl gətirən mövqe sərgiləməyib, bunu Simonyan da yaxşı bilir. Amma erməni spiker tez-tez fərqli mövqelər sərgiləyir. Parlamentlərarası İttifaqın Bəhreyndə keçirilən sessiyasındakı çıxışını da unutmamışıq: parlamentdən od-alov püskürəndən, Azərbaycanı şərləyəndən sonra zalı tərk etmişdi ki, onun iddialarını darmadağın edən Milli Məclisin sədrinin arqumentlərini eşitməsin.

Ondan sonra spikerlər səviyyəsində bir neçə görüş keçirilib və Simonyan da konstruktiv görünməyə başlayıb, təbii ki, bu, Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, “Dəmir Yumruğu”n 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatındakı dərslərinin məntiqi nəticəsidir. Amma bəzən yoldan sapmalara da yol verirlər. Necə ki, azərbaycanlı həmkarı ilə görüşdən məmnunluqla danışan Simonyan 152-ci Parlamentlərarası İttifaqın Forumunda Ermənistanla Azərbaycan arasında davamlı barışığa nail olmaq üçün “humanitar məsələlər həll edilməli” olduğunu deyərkən ciddi səhvə yol verib. Erməni spiker “19 erməni məhbusun azad edilməsinin zəruriliyi”ndən danışıb.

İrəvanın sülhün möhkəmləndirilməsi, dialoqun inkişaf etdirilməsi və onun əməli nəticələrə çevrilməsinə sadiqliyini vurğulayan Simonyan əlavə edib ki, Ermənistanla Azərbaycan arasında ticarət uzun illər ərzində ilk dəfə olaraq yaxşılaşmağa başlayıb və Azərbaycan mallarının Ermənistana idxalı iqtisadi əlaqələrin bərpasında simvolik və praktiki addıma çevrilib. “Eyni zamanda, həll edilməli olan ciddi humanitar məsələlər hələ də mövcuddur. İnamın yaradılmasını davam etdirmək və həqiqi barışığa nail olmaq üçün Azərbaycanda saxlanılan 19 erməni azad edilməli və ailələrinə qovuşmalıdır, itkin düşənlərin taleyinə aydınlıq gətirilməlidir”, - Simonyan qeyd edib.

Spiker həmçinin, Ermənistanın Türkiyə ilə tərəfdaşlığı inkişaf etdirməyə və sabitliyi, əlaqəni və ortaq rifahı prioritet hesab edən gələcəyi formalaşdırmağa hazır olduğunu qeyd edib.
Simonyan barəsində məhkəmənin ədalətli hökmü olan ermənilərin azad edilməsini və ailələrinə qovuşmalı olduqlarını iddia edərkən görəsən, separatçıların Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri cinayətləri göz önünə gətiribmi? Bəlkə xəbərsizdir?

Son söz ədalət məhkəməsinindir

İndi nə demək istəyirlər: Ermənistanla sülh əldə olunacaq deyə, bütün cinayətkarları gül-çiçəklə yola salaq? Əgər cinayətkarlığa münasibət belə olmalıdırsa, onda niyə Paşinyan hakimiyyəti çoxlu sayda müxalifətçini həbsxanalara doldurub? Elə bir neçə gün əvvəl Samvel Karapetyanın iyirmiyə yaxın tərəfdarını “içəri” atdılar, onların ailə-uşağı, yaxını yoxdurmu? Yaxud barələrində həbs qərarı verilmiş separatçılar nə qədər azərbaycanlının canına qıyıb, nə qədər evləri viran qoyub, ocaqları söndürüb, məgər qətlə yetirilən, işgəncələrə məruz qoyulanların ailələri yox idimi?

Alen Simonyan “itkin düşənlərin taleyinə aydınlıq gətirilməlidir” – deyərkən 30 ildən artıqdır öldü-qaldısı bəlli olmayan 4 minədək azərbaycanlının taleyini niyə xatırlamır? Rəsmi Bakı dəfələrlə əsir düşmüş, girov götürülmüş, itkin düşmüş vətəndaşlarımızla bağlı beynəlxalq təşkilatlara müraciətlər edib, onları Ermənistana təsir göstərməyə çağırıb, Simonyan döyüş şəraitində itkin düşmüş bir neçə erməni hərbçidən danışarkən minlərlə mülki azərbaycanlı uşaq, qadın, qocanın naməlum taleyindən də bəhs etməli idi, əgər sülh tərəfdarıdırsa...

Başqa bir ciddi məsələ: 2020-ci ildən sonrakı sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı “X” sosial media hesabında paylaşımında qeyd etmişdi. Sitat: “30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına mane olur. Bunlar sadəcə rəqəmlər deyil. Bunlar yarımçıq qalan həyatların, dağılan ailələrin, oğurlanan gələcəklərin hekayəsidir. Minalardan təmizləmə yalnız texniki proses deyil. Bu, ədalətdir. Bu, insan ləyaqətidir. Bu, insanların öz evlərinə təhlükəsiz qayıtmaq hüququdur”.

Ermənistanın parlament sədri şübhəsiz ki, Prezident köməkçisinin bu qeydlərini oxuyub. Amma təəssüf, əxz eləməyib, yenə də öz bildiklərini danışır, yanlış olaraq...

Prosesi Azərbaycan diqtə edir, söz demək haqqı verilməyib Ermənistana, qarşısına nə qoyulursa, ona əməl etsin, şükür eləsin! Mina xəritələrini belə doğru-düzgün təqdim etməyən ölkənin “sülhpərvər”ləri nə danışdıqlarını, harada danışdıqlarını ciddi şəkildə götür-qoy etməlidirlər və ciddi olmalıdırlar! Simonyan kimiləri “sarı simə” toxunanda ehtiyatlı olsunlar gərək! Ermənistana qatar gedirsə, o demək deyil ki, Azərbaycan ötənləri unudub: hələ bu ölkənin Konstitusiyasında ölkəmizə qarşı, o cümlədən qardaş Türkiyə əleyhinə ərazi iddiaları var! Ərazisinə iddia irəli sürülən ölkədə sülhdən danışan Simonyana biri bunları xatırladıb, “özünə gəl” - deyəydi gərək...

Elşad Paşasoy

Bizə qoşulun