Medianews.az
Kukla Teatrında qalmaqal böyüyür –
66 baxış

Kukla Teatrında qalmaqal böyüyür – "Məhkəmə savaşı hələ bitməyib"

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə həmin teatrın aktrisası Nərmin Əhmədova arasında yaşanan məhkəmə qalmaqalı davam edir. Xatırladaq ki, aktrisa teatr direktoru tərəfindən ona verilmiş şiddətli töhmətlə bağlı məhkəməyə müraciət edərək həmin qərarın ləğv olunmasını tələb edib. Ötən gün yayılan məlumatlarda məhkəmə prosesinin artıq başa çatdığı və aktrisanın məhkəmədə qalib gəldiyi iddia olunurdu.

Musavat.com-a teatrdan verilən rəsmi açıqlamada isə bildirilib ki, məhkəmə prosesi hələ tam yekunlaşmayıb:

“Qeyd olunan məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə 2 mart 2026-cı il tarixində məhkəmə iclası keçirilib və Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilən qərar qüvvədə saxlanılıb. Qərardan narazı tərəf kimi Azərbaycan Dövlət Kukla Teatrı yuxarı instansiya məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edəcək. Ali Məhkəmənin qərarına uyğun olaraq bundan sonrakı addımlar müəyyən ediləcək.

Nərmin Əhmədova ilə bağlı direktor tərəfindən imzalanmış əmrin qüvvədən düşməsi və ləğvi məsələsinə gəlincə isə bildiririk ki, bu istiqamətdə hələlik yekun qərar qəbul edilməyib və məsələ Ali Məhkəməyə təqdim olunacaq. Ali Məhkəmənin qərarından sonra müvafiq hüquqi addımlar atılacaqdır.

Qarşı tərəf yekun qərarı gözləmədən mediaya açıqlama verib. Bu, onun vətəndaş mövqeyidir və buna hər hansı etirazımız yoxdur. Lakin bu cür açıqlamalar ictimaiyyətdə çaşqınlıq yaradır”.

Onu da xatırladaq ki, bir müddət əvvəl Rəşad Əhmədzadənin həyat yoldaşı olmuş teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva ona qarşı təzyiqlərin olduğunu bildirərək boşanma qərarı verdiyini açıqlamışdı. Onun iddiasına görə, teatr daxilində ailəsinə qarşı müəyyən təzyiqlər göstərən şəxslər olub.

Bizə qoşulun