Medianews.az
Maaş və pensiyalarla bağlı vəd olunan mexanizm nə vaxt işə düşəcək?
170 baxış

Maaş və pensiyalarla bağlı vəd olunan mexanizm nə vaxt işə düşəcək?

Azərbaycanda qanun vətəndaşlara maaş və pensiyalarını istədiyi bank vasitəsilə almaq hüququ verir. Amma təcrübədə bu metod demək olar tətbiq edilmir, maaşı, pensiyanı ödəyən tərəf bankı da özü seçir və bir qayda olaraq onlar iri bankları seçirlər. Məhz bunun nəticəsidir ki, ölkədə maaş və pensiyalar iri bankların vasitəsilə ödənilir.

Bu praktikaya son qoymaq, maaş və pensiyaları vətəndaşın özünün istədiyi banka köçürmək, yəni vətəndaşlara maaş və pensiyaları istədikləri bankdan almaq imkanı vermək məsələsi ötən ilin yazında Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçı ekspertlərlə görüşündə də qaldırılmışdı. Ekspertlər həmin görüşdən nikbin ayrılmış və yaxın zamanda hər kəsin maaş və təqaüdü istədiyi bankdan ala biləcəyini bəyan etmişdilər.

Bir ilə yaxın vaxt ötür, amma məsələ hələ də həllini tapmayıb. Səbəb nədir? Bu qaydanın həyata keçməsinə nə mane olur? Ümumiyyətlə belə bir mexanizmin 2026-cı ildə işə düşəcəyini gözləməyinə dəyərmi?

Məsələ ilə bağlı Medianews.az saytı Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli Mərkəzi Bank sədrinin görüşdüyü iqtisadçı ekspertlər qrupunun üzvüdür və maaşların, pensiyaların vətəndaşların seçdiyi banklara köçürülməsi praktikasının tətbiqi məsələsini qaldıran əsas mütəxəssislərdən biridir.

Fevralın 26-da Medianews.az-a açıqlamasında Natiq Cəfərli bildirib ki, məsələ gündəlikdədir və çox güman, ilin ikinci rübünün sonuna yaxın bu mexanizm işə düşəcək: “Bizə verilən məlumata görə, texniki problemlər qalıb. Həmin problemlər həll olunandan sonra vətəndaşların maaşları, təqaüdləri istənilən bankdan almaq məsələsinin həllini tapacağını deyirlər. Bu işə banklar da hazır olmalıdır. Çünki vətəndaşların seçim imkanının genişlənməsi bank sektorunda rəqabəti artıracaq. Ona görə xüsusilə kiçik və orta banklar müştəri qazanmaq üçün yaxşı təkliflər hazırlamalıdır ki, vətəndaşlar öz maaş və təqaüdlərini həmin banklara danışmaq barədə düşünsünlər. Vətəndaşlar isə bu imkan yarananda, proses işə düşəndə hələ tələsməməli, variantları saf-çürük edə bilmək üçün bankların təkliflərini gözləməlidirlər”.

Nailə Qasımova,
Medianews.az 

Bizə qoşulun