Medianews.az
Maliyyə toyxanaları
49 baxış

Maliyyə toyxanaları

Qardaş Türkiyədən təzə anons almışıq, deyir hökumət orda körpüləri əcnəbilərə satmaq istəyirmiş. Xalq da bir qədər narahat olub, fikirləşirlər yəqin satışdan sonra körpüdən keçmək haqqı qalxar.

“Bir millət, iki dövlət” tezisindən yanaşsaq, körpüləri satmaq üsuluna Azərbaycanın da keçməsi vacibdir. Yoxsa çox adam körpülərdən müftə keçir. Elə bil dədələrindən qalıbdır. Körpülərin hamısını pullu eləməyin vaxtıdır. Keçəndən 30 qəpik, keçməyəndən 40 qəpikdən pul yığsaq büdcədə xeyli vəsaitə qənaət olunar. Nə qədər şadlıq sarayı açılar.

Özümdən uydurmuram, bizim şanlı Maliyyə Nazirliyinin bir sabiq əməkdaşı var, özü də balaca məmur olmayıb, aparat rəhbəri işləyibdir, son çağlar jurnalistlər onun ən azı 3 şadlıq sarayını aşkara çıxarmışlar. Qardaşımız, maşallah, göz dəyməsin, tfu-tfu, bütün bölgə şadlıq saraylarını ala-ala gedir. Şəmkirdən girib Gəncədən çıxır, imsağı Bərdədə bağlayanda, iftarı Zəngəzurda açır. Hətta ermənilər qorxuya düşüblər, deyirlər belə getsə Azərbaycan maliyyəçiləri İrəvanın mərkəzində şadlıq sarayı açacaqdır. (Son məlumatıma görə məhz bunun qorxusundan Paşinyan erməni anayasasını tezbazar dəyişdirməyə, sülh müqaviləsini tələmtələsik bağlamağa razıdır).

Ancaq heç bir hüquq-mühafizə orqanı əski aparat rəhbərini çağırıb soruşmur ki, əziz qardaşımız, bu sarayları hansı vəsaitlə əldə edirsən, bəlkə burda haramlıq vardır, Allah eləməsin, birdən axirətdə cəhənnəmə düşərsən, gəl bu işləri araşdıraq. Çünki o soruşası adamların özünün də üçdən-beşdən şadlıq sarayı olmamış olmaz.

Görün vəziyyət hansı yerə çatıb ki, hətta “Neftçi” futbol klubunun oyunçusu, dünya şöhrətli Vensan Abubakar şikayətlənibdir: “Azərbaycanda inkişaf üçün hakimlər dəyişməlidir”. Doğrudur, Abubakar müəllim futbol hakimlərindən bəhs etmişdir, ancaq nə dəxli? Məhkəmə hakimlərimiz guya dəyişməli deyilmi? Hər gün humanist qərarlar çıxarırlar, bəraətin biri bir qəpiyə düşüb. Azərbaycan məhkəmələrindəki ədalətin şiddətindən Femidanın gözləri açılıb – bunu da havadan yazmıram, inanmayan varsa, şanlı Anayasa Məhkəməmizin embleminə açıb baxa bilər. Orda Femida ala gözləri açıq, bir əlində tərəzi bulvarda oturub ləyaqətli şəkildə banan, heyva, nar, göyərti satır, bir əlində də hansısa açıq kitabı oxuyur, güman edirəm ya Anayasamızın əsəridir, ya da Anar müəllimin “Beşmərtəbəli evin altı adama satılması” romanıdır. Halbuki, dövrü-qədimdən Femida həmişə gözübağlı olubdur.   

Qayıdaq mövzuya. Elə “nəzarətə nəzarətin olmamağı” üzündən dövlət idarələrini gah publik şəxsə, gah da tərsinə çeviririk. Bir-birinə birləşdirir, sonra ayırırıq. Ancaq “araba yenə həmin yerdə durur”. İndiki uşaqlar bilməz, bu, bizim uşaq vaxtı məktəbdə öyrəndiyimiz təmsildə yazılmışdı. Orda arabanı dartmaq üçün xərçəng, balıq və qu quşu icarəyə götürürdülər, balıq arabanı suya, qu quşu göyə, xərçəng də geriyə dartırdı. Nəticədə araba heç yerə getmirdi.

Bəlkə belə məsləhətdir,  fizika qanunlarına görə (bizdə hələlik işlək olan yeganə qanunlar bunlardır) hərəkətdə olan arabanın üstündə şadlıq sarayı açmaq çətindir. Gəl orda oyna, şıllaq at, gəlinlə şəkil çəkdir, nə bilim, bəylə plov ye... Çox çətindir. İndiki halda müvazinətimizi birtəhər saxlayırıq, araba getsə necə olar?

Xalqı da anlamaq çətindir, statistikaya görə evlənənlərin sayı hər il azalır. Bəs məmurlar şadlıq saraylarını kimdən ötrü yaradırlar? Bu qədər etinasızlıq, dövlət işinə biganəlik yaraşmaz.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin obyektlərdə Ramazan endirimləri varmı.

Zamin HACI 

Bizə qoşulun