Medianews.az
MDB necə əriyib?
114 baxış

MDB necə əriyib?

Moldova Müstəqil Dövlətlər Birliyini (MDB) biryolluq tərk edir. Hökumətin 10 mart 2026-cı il qərarına görə, quruma qoşulmağı və onun nizamnaməsini təsdiqləməyi nəzərdə tutan sənədlər ləğv olunacaq.

Medianews.az bildirir ki, Moldova Rusiyanın təcavüzünə məruz qalaraq MDB ilə üzülüşən üçüncü ölkədir.

1990-cı ildə Moldovanın Dnestryanı bölgəsi ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.

MDB 1922-ci ildə yaradılan, 1991-ci ildə çökən Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qalıqları üzərində qurulub. Dağılarkən SSRİ-yə 15 respublika daxil idi: Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ukrayna, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan.

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə Belarusda imzaladığı sazişlə qoyulub.

1991-ci il dekabrın 20-də Azərbaycan parlamenti (Ali Sovetin Milli Şurası) ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını məqsədəuyğun saymayan qərar qəbul edib.

21 dekabr 1991-ci ildə Alma-Atada (Almatı - Qazaxıstan) Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan 8 dekabr sazişini imzalayaraq MDB-yə qoşulublar, bu ölkələrin, eləcə də Rusiya, Ukrayna, Belarusun dövlət başçıları MDB-ni rəsmiləşdirən birgə bəyannamə qəbul ediblər.

7 oktyabr 1992-ci ildə Azərbaycan parlamenti (Milli Məclis) ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulmasını təsdiqləməyib.

22 yanvar 1993-cü ildə Minskdə (Belarus) MDB-nin nizamnaməsi qəbul olunub. Sənəd Ukrayna və Türkmənistanda ratifikasiya olunmayıb, həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

20 sentyabr 1993-cü ildə Azərbaycan Milli Məclisi ölkənin Müstəqil Dövlətlər Birliyinə qoşulması barədə qərar çıxarıb. Sentyabrın 24-də məsələ həllini tapıb.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə qoşulub.

Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci il avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

Rusiyanın hərbi-siyasi təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edib və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarıb. Həmin dövrdən Moldova da MDB ilə üzülüşmək yolu tutub.

2014-cü ildən Rusiya Ukraynada işğalçı müharibə aparır, həmin il Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

MDB-dən qopan hər üç ölkə - Moldova, Ukrayna, Gürcüstan 27 ölkəni birləşdirən Avropa İttifaqı üzvlüyünə namizəd statusundadır.

İcra orqanı Minskdə yerləşən MDB-nin baş katibi postunu rusiyalı Sergey Lebedev tutur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun