Medianews.az
Mehdiyevin istintaqı uzandı, bəs ev dustaqlığı?
152 baxış

Mehdiyevin istintaqı uzandı, bəs ev dustaqlığı?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində tutulan 4 nəfərə qarşı həbs qətimkan tədbirinin müddəti 4 ay uzadıldı.

Bu o deməkdir ki, istintaq hələ davam edir, işin tamamlanıb məhkəməyə göndərilməsi indən belə ən azı 4 ay çəkəcək.

Bəs Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığının da müddəti uzadılacaqmı?

Medianews.az bildirir ki, bu haqda hələ məlumat yoxdur. Ramiz Mehdiyev ötən il oktyabrın 14-dən ev dustaqlığındadır. Onun barəsində seçilən bu qətimkan tədbirinin müddəti fevralın 13-də başa çatır.

İstintaq Ramiz Mehdiyevin ev dustaqlığının uzadılması, yoxsa ev dustaqlığından azad olunması ilə davam edəcək? Bu, tezliklə bəlli olacaq.

Hələlik bəlli olan odur ki, istintaq davam edir və məhkəmə ən tezi yayda başlana bilər.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilir.

Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ramiz Mehdiyevin işi üzrə tutulanlardan AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim və Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov Cinayət Məcəlləsinin 278.1-ci, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) isə 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir.

Medianews.az 

Bizə qoşulun