Medianews.az
Mehdiyevli iş –
135 baxış

Mehdiyevli iş – RƏSMƏN İLK DƏFƏ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 12 fevral məlumatı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi, həmçinin istintaq çərçivəsində məsuliyyətə cəlb edilən başqaları haqqında ilk rəsmi açıqlamadır.

Medianews.az xatırladır ki, Ramiz Mehdiyevə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işinin başlandığı, onun hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ittihamları ilə ev dustaqlığına alındığı ictimaiyyətə 2025-ci ilin oktyabr ayının ortasından bəlli olsa da, noyabrın əvvəlində Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirovun, noyabrın sonlarında AXCP sədri Əli Kərimlinin və müşaviri Məmməd İbrahimin məhz bu işə görə tutulduğu bilinsə də, baş nazirin sabiq birinci müavini Abbas Abbasovun axtarışa verildiyi haqda dekabrın ikinci yarısında ölkə mediasında dərc olunan xəbərlərdə məsələnin kökündə “Ramiz Mehdiyev işi”nin dayandığı vurğulansa da, bütün bunlar hələ rəsmən elan edilməmişdi.

Bu baxımdan DTX-nin 12 fevral məlumatı adıçəkilən şəxslərin Cinayət Məcəlləsinin 278.1, 274, 193-1.3.2 və 32.5-ci maddələri ilə aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs olduqlarına dair ictimaiyyətə təqdim edilən ilk rəsmi təsdiqdir.

Məlumatda AXCP üzvü Fuad Qəhrəmanlının və jurnalist Qənimət Zahidin də iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edildiyi və onların, həmçinin Abbas Abbasovun xaricdə istintaqdan gizləndikləri üçün axtarışa verildiyi, barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçildiyi bildirilib. Bunlar da ictimaiyyətə ilk dəfə rəsmən DTX-nin 12 fevral məlumatında açıqlanıb.

Medianews.az

Bizə qoşulun