Medianews.az
Məzahir müəllimin 25-ci dəfə
51 baxış

Məzahir müəllimin 25-ci dəfə yola salınmaqlığı

Xəbər yayılıb, deyirlər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov işdən çıxarılacaq, pensiyaya göndəriləcəkdir. Bu məsələni vacib edən səbəblər isə belə sadalanır: guya Məzahir müəllim artıq qocalıbdır, 75 yaşı vardır, ailəsində milli mentalitetimizə yad mövzular qabarmışdır, nəhayət, apreldə MSK-nın təzə tərkibi seçilməliymiş. Gəlin bu amillərə bircə-bircə nəzər salaq.

Birincisi, doğrudan da Məzahir müəllim 25 ildir MSK sədri vəzifəsini tutur, yəni, ilk dəfə bu işə girişəndə cəmi-cümü 50 yaşı varmış. Bizdə pensiya yaşının, türkün sözü, erkəklər üçün 65 yaş olması məlumdur, deməli seçki idarəmizin müdiri 10 il artıq çalışıbdır, “bəs” deyə bilər. Ancaq niyə o, öz bilik və bacarıqlarını xalqımızdan əsirgəməlidir? Başqa variantımız varmı? Atalar demişkən, müqəddəs yer boş qalır, seçkiyə gedənin barmağı yaş qalır. (Ultrafiolet mürəkkəb vurulur, onu nəzərdə tutublar).
Üstəlik, tarixi-administrativ təcrübəyə görə bizdə kiminsə özünün “bəs” deməsi heç nəyi həll eləmir, yuxarıdan ona “bas” (bas bayıra anlamında; bu, idarəçilikdə, siyasi menecmentimizdə xüsusi komandadır) deyilməlidir.

Məsələn, Ramiz Mehdiyev 165 yaşında da akademik, korrupsiya ilə mübariz, dilçi, televizyonçu, təhlükəsizlik mütəxəssisi, şpion, cəbhəçi və sairə vəzifələri şərəflə daşıyırdı, ağlımıza gəlmirdi ona deyək pensiyaya çıxsın. Əksinə, yaşıdları koronavirusla əlləşəndə Siyavuş müəllimlə bahəm toyda “Düz dolan, düz otur, ay kişi, Yaş ötüb, deyəsən, yetmişi, Bir dənə ağzında yox dişi” mahnısına yallı gedirdi. Birdən-birə nəsə oldu, Ramiz müəllimə “be-be” komandası verildi. Uca şeyximiz 1980-ci ildən baş molla vəzifəsini daşıyır. Anar müəllim də, həmçinin, 1987-ci ildən yazıçıların müdiri, ədəbiyyat naziri görəvindədir. Hətta təzəlikcə bəzi gənc yazıçılar müraciət eləmişdi, deyirdilər biz istəyirik Anar müəllim ömürlük sədr qalsın. 88 yaşlı sədr isə qətiyyətlə söz verib, deyir növbəti qurultayda namizəd olmayacaqdır. (Növbəti qurultay haçan olacaq, bax, o bilinmir. Məsələn, 2126-cı ilə təyin etmək mümkündür).

Belə hörmətli kadrlarımız çoxdur, birini də yazım, ta bəsdir: Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1991-ci ildən bu işin başındadır. Təsəvvür edin, onu rayona müdir vəzifəsinə ilk dəfə Ayaz Mütəllibov qoyubdur! İndi, belə olan şəraitdə, niyə Məzahir müəllim getməlidir? Qonşuda müharibə şəraiti, pandemiya davam edir, buzlaqlar əriyir, biz MSK başçılığına kimi tapacağıq?

Məzahir müəllimin ailə şəraiti də ucuz bəhanədir. Oğlu gəlinini Los Ancelesdə budayıb, gözünün altını ultrabənövşəyi mürəkkəb... üzr istəyirəm, qaraldıb, gəlin evdən qaçıb meşə yanğınlarında gizlənib, Şvarsnegerin köməyi ilə Yasamala qayıdıb, nə bilim nə... Son məlumata görə Məzahir müəllimin oğlu artıq həmin gəlindən boşanıb, kompensasiya da ödənilib. Srağagün bölünən əmlakların siyahısı çap edilmişdi, ona əsasən Məzahir müəllimin ailəsi eks gəlinə 300 min manatlıq bu maddi-mənəvi vəsaitləri qaytarmışdır: 17 adda qızıl-zinət əşyası, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsəri (arasında Edvard Munkun “Deputatlığa namizədin qışqırtısı” tablosu olmaqla), ümumi dəyəri 60 000 manat olan iki çamadan şəxsi əşya, 40 adda cehiz əşyası, 10 000 manat pul, 40 adda şəxsi geyim əşyası, 9 ziyafət paltarı, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinə aid küncü kəsilməmiş seçki bülleteni, İsa Qəmbərin prezidentliyə namizədliyinə dair protokol, Svarovski qaşlarla bəzədilmiş bələdiyyə seçkisi qutusu, Əfruz müəllimənin səs yazısı olan platin disk və sairə. Yəni gördüyümüz kimi, ortada hər hansı mübahisəli vəziyyət qalmayıb. O zaman niyə bu boşanma Məzahir müəllimin seçki fəaliyyətinə kölgə salmalıdır? Ona qalsa çox adam boşanır. Oğlu reqlamentə uyğun, ekzit-polla, müşahidəçilərlə yenidən evlənsə, Məzahir müəllim vəzifədə qala bilərmi? Bu barədə yəqin düşünmək zəruridir.

Nəhayət, “MSK-ya yeni tərkibin seçilməsi qrafiki yetişib” arqumenti, ona fikir verməyin ümumiyətlə mənası yoxdur. O dərəcə gülünc amildir. Bəlkə o səbəbdən mənə ayrılan yer də bitdi.

Zamin HACI

Bizə qoşulun