Milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün qalibi sona 4 tur qalmış bəlli oldu: “Sabah” 72 xalla qızıl medalları erkən təmin etdi.
Medianews.az bildirir ki, 59 xal toplayan “Qarabağ”ın azı üçüncü yeri tutacağı da bilinir.
“Turan Tovuz” 56, “Neftçi” 47, “Zirə” 46, “Araz-Naxçıvan” 40, “Sumqayıt” 38, “Şamaxı” 35, “İmişli” 29, “Kəpəz” 21, “Qəbələ” 20, “Karvan-Yevlax” 14 xal yığıb.
“Sabah” UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünə birinci mərhələdən başlayacaq.
Ölkə kubokunun sahibi üçün start Avropa Liqasının birinci mərhələsində, bürünc medalçı üçün Konfrans Liqasının birinci, gümüş medalçı üçün ikinci mərhələsində nəzərdə tutulur.
Azərbaycan kubokunun 2025-2026 mövsümünün finalına “Sabah” və “Zirə” yüksəlib. Çempion “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş medalçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc medalçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.
Sonuncu pilləni tutan komanda premyer liqanı tərk edəcək, sondan əvvəlki yerin sahibi aşağı liqanın ikincisi ilə üz-üzə gəlib premyer liqada qalmağa çalışacaq.
İki və daha artıq komandanın xalları bərabər olarsa, bu göstəricilərə baxılacaq: qələbə sayı; top fərqi; top sayı; komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr). Bu göstəricilər bərabər olsa, qalibi püşk müəyyən edəcək.
1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz), “Xəzər Lənkəran” və “Sabah” 1 dəfə ölkə çempionu olub.