Medianews.az
Minlərlə israilli telefonlarına eyni mesajı aldı:
71 baxış

Minlərlə israilli telefonlarına eyni mesajı aldı: "Ölmək istəyəcəksiniz, amma ..."

İran-İsrail müharibəsinin 15-ci günündə gərginliyi artıran yeni iddia ortaya çıxıb.

Medianews.az xəbər verir ki, məlumata görə, minlərlə israilli mobil telefonlarına ivrit dilində göndərilmiş təhdid mesajları alıb.

Xarici KİV-in yaydığı xəbərlərə görə, mesajların guya İran İslam İnqilab Keşikçiləri Korpusu tərəfindən göndərildiyi iddia olunur. Bildirilir ki, mesajlarda İsrailə qarşı sərt və təhdidedici ifadələr yer alıb.

İddialara əsasən, mesajlarda “Allahın izni ilə sizə qaranlıq günlər gətirəcəyik. Ölmək istəyəcəksiniz, amma bacarmayacaqsınız” kimi ifadələr yazılıb və mətn “İran İslam İnqilab Keşikçiləri” imzası ilə bitib.

Bəzi məlumatlarda isə mesajda “Xeybəri fəth edənlərin adı ilə” ifadəsinin işlədildiyi və İsrailə qarşı daha sərt hədələrin yer aldığı bildirilir. Həmin mesajların qısa müddətdə çox sayda telefona göndərilməsi bunun planlaşdırılmış kiber əməliyyat ola biləcəyi ehtimalını artırır.

Lakin İsrail tərəfi bu məlumatların miqyası və mesajların necə göndərildiyi ilə bağlı rəsmi təsdiq verməyib.

Digər tərəfdən, analitiklər xatırladır ki, İsrail də əvvəllər İrana qarşı oxşar kiber əməliyyatlar həyata keçirib. ABŞ-da nəşr olunan “Wall Street Journal”ın məlumatına görə, İsrail kəşfiyyatı İranda geniş istifadə olunan “BadeSaba Təqvimi” adlı namaz vaxtı tətbiqinə sızaraq milyonlarla istifadəçiyə bildirişlər göndərmişdi. Həmin bildirişlərdə istifadəçilərə İran lideri Ayətullah Əli Xameneiyə dəstəkdən imtina etmələri və silahlarını yerə qoymaları ilə bağlı çağırışlar yer almışdı.

Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Buna cavab olaraq Tehran İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla regiondakı bəzi hədəflərə raket və dron hücumları həyata keçirib.

İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə ölənlərin sayı 1348 nəfərə, yaralananların sayı isə 17 mindən çoxa çatıb.

Bizə qoşulun