"Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura zərbələr endirməsi xalqımız tərəfindən böyük hiddət və qəzəblə qarşılanıb. Azərbaycan İranla münasibətlərdə hər zaman konstruktiv siyasət həyata keçirib. Dövlətimiz tərəfindən dəfələrlə bəyan edilib ki, ölkəmizin ərazisi heç bir halda üçüncü dövlətlərə qarşı istifadə oluna bilməz. Azərbaycan regionda gərginliyin artmasının tərəfdarı deyil. Amma İrandakı molla rejimi növbəti dəfə riyakarlığını, nankorluğunu nümayiş etdirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və 4 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Molla rejiminin bu siyasəti nankor və riyakar münasibətin göstəricisi, antibəşəri rejimin simasının ifşasıdır". Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Medianews.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan regionda gərginliyin artmasının tərəfdarı olmayan, daim sülhün, sabitliyin, əməkdaşlığın və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edir: "Azərbaycanın xarici siyasətində qonşularla əlaqələrin inkişafı prioritetdir. Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimiz hər zaman qonşu ölkələrlə münasibətlərində qarşılıqlı hörmət prinsiplərinə xüsusi önəm verir. Prezident İlham Əliyevin martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olması, İran İslam Respublikasının Ali Rəhbərinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsi də bunun göstəricisidir. Azərbaycan dar gündə həmişə qonşularına dəstək olub. Ölkəmiz İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Amma belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alması dinc sakinlərə və mülki infrastruktura qarşı terror aktıdır".
Vüqar Rəhimzadə bildirib ki, molla rejiminin bu addımı riyakarlıq olmaqla yanaşı, iki ölkə arasında qarşılıqlı etimadın zədələnməsinə səbəb olan amillərdəndir: "İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və İran tərəfinə kəskin etiraz bildirilib.
Ölkəmiz regionda sabitliyin və sülhün qorunmasının tərəfdarıdır və dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmasını vacib hesab edir. Bununla belə, Azərbaycan xalqı və dövləti hər zaman öz milli maraqlarını və təhlükəsizliyini qorumaq əzmində və iqtidarındadır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda yeni reallıqlar yaradan qüdrətli Azərbaycan dövləti istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır. Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu çirkin və qorxaq əməlinə görə peşman olacaq. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".