Medianews.az
Xamenei xalqa müraciət etdi –
299 baxış

Xamenei xalqa müraciət etdi – TƏFƏRRÜAT

İran İslam Respublikasının yeni ali rəhbəri ayətullah Müctəba Xamenei İran xalqına ilk müraciətini yayıb.

Medianews.az-ın məlumatına görə, müraciətdə öncə ayətullah Əli Xameneinin ölümü ilə əlaqədar başsağlığı verilir. Daha sonra deyilir ki, İranın yeni ali rəhbəri seçilməsi ilə bağlı qərarı o da ölkə vətəndaşları kimi televiziya yayımı vasitəsilə öyrənib.

Müctəba Xamenei bildirir ki, ayətullah Ruhullah Xomeyni və ayətullah Əli Xameneinin oturduğu rəhbərlik kürsüsündə yer almaq onun üçün çox çətindir. O qeyd edir ki, Əli Xamenei uzun illər Allah yolunda mübarizə aparmış, böyük nüfuza malik şəxsiyyət olub və onun həyatı ilə ölümü izzət və qürurla yadda qalıb.

Yeni ali rəhbər atasının cənazəsini ziyarət etdiyini, gördüklərinin ona güclü təsir bağışladığını da qeyd edir. Vurğulayır ki, belə bir şəxsdən sonra rəhbərlik vəzifəsini üzərinə götürmək ağır məsuliyyətdir və bu boşluğu yalnız Allahın köməyi və xalqın dəstəyi ilə doldurmaq mümkündür.

Müraciətdə deyilir ki, əvvəlki rəhbərlərin əsas xüsusiyyətlərindən biri xalqı bütün sahələrə cəlb etmək və dövlətin gücünü xalqın dəstəyinə söykəmək idi. Müctəba Xameneinin sözlərinə görə, son günlər ölkə rəhbərsiz qaldığı dövrdə İran xalqının uzaqgörənliyi və cəsarəti bunu bir daha nümayiş etdirib.

O vurğulayır ki, xalqın gücü və fəal iştirakı olmadan nə rəhbərlik, nə də dövlət qurumları effektiv fəaliyyət göstərə bilər. Bu baxımdan o, xalqı bir neçə prinsipə əməl etməyə çağırıb: Allaha təvəkkül etmək, milli birliyi qorumaq, cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmək və bir-birinə kömək göstərmək.

Müctəba Xamenei bildirir ki, bu prinsiplərə əməl olunarsa, İran yenidən güclü və nüfuzlu dövrə qayıda bilər. Onun sözlərinə görə, bunun ən yaxın nümunəsi hazırkı müharibədə düşmən üzərində qələbə ola bilər.

Müraciətin növbəti hissəsində o, İran silahlı qüvvələrinin döyüşçülərinə təşəkkür edir və onların ölkəyə qarşı hücumların qarşısını aldıqlarını bildirir. Xamenei qeyd edir ki, xalqın gözləntisi müdafiənin davam etdirilməsi və düşmənin peşman edilməsidir.

O həmçinin Hörmüz boğazının bağlanması imkanından istifadə olunmasının vacibliyini vurğulayıb və düşmənin zəif olduğu digər cəbhələrin açılması məsələsinin də araşdırıldığını bildirib.

Yeni ali rəhbər “müqavimət cəbhəsi”nin qüvvələrinə də təşəkkür edib və Yəmən, Hizbullah və İraqdakı qüvvələrin dəstəyini xüsusi qeyd edib.

Müraciətdə müharibə nəticəsində zərər çəkən insanlara da toxunulur. Müctəba Xamenei itki vermiş ailələrə başsağlığı verib, yaralananlara pulsuz tibbi xidmət göstərilməsinin və zərər çəkmiş şəxslərə kompensasiya verilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, İran düşməndən mütləq təzminat tələb edəcək və bu mümkün olmasa, zərərin əvəzini başqa yollarla almağa çalışacaq. Xamenei Minab şəhərində yerləşən qızlar məktəbinə - Şəcərə Tayyibə məktəbinə edilən hücumun xüsusi araşdırılacağını da qeyd edib.

Müctəba Xamenei region ölkələrinin rəhbərlərinə də müraciət edərək bildirib ki, İran qonşu dövlətlərlə dost münasibətlər tərəfdarıdır. Bununla yanaşı, bəzi ölkələrdə yerləşən xarici hərbi bazaların son hücumlarda istifadə edildiyini və belə hallarda həmin bazaların hədəfə alınacağını qeyd edib.

Müctəba Xamenei çıxışının sonunda İran xalqına qələbə, rifah və sağlamlıq diləyib.

Medianews.az

Bizə qoşulun