Medianews.az
Naxçıvanda ali vəzifəli şəxs:
92 baxış

Naxçıvanda ali vəzifəli şəxs: həm var, həm də yox

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının yenilənməsi məqsədilə başladılan və bir ildən artıqdır davam edən proses yekunlaşdı. Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasında dəyişikliklərlə bağlı Milli Məclisin təsdiqlədiyi konstitusiya qanununu imzaladı.

Medianews.az bildirir ki, Naxçıvan Konstitusiyasına dəyişikliklər prosesi 2025-ci ilin fevralından Naxçıvanda başlamışdı. Fevralın 20-də muxtar respublikanın Ali Məclisi konstitusiyaya dəyişikliklər layihəsini birinci, mayın 21-də isə ikinci səsvermədə qəbul etmişdi.

İkinci səsvermədən sonra layihə təsdiq üçün Milli Məclisə göndərilmişdi.

İyunun 21-də Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişikliklər haqqında qanunu birinci, 6 ay sonra - 2026-cı il fevralın 2-də ikinci səsvermədə təsdiqləmişdi.

Martın 10-da dövlət başçısının imzalaması ilə Naxçıvan Konstitusiyasının dəyişdirilməsi prosesi başa çatdı, Milli Məclisin təsdiqlədiyi konstitusiya qanununu qüvvəyə mindi.

Beləliklə, Naxçıvan Konstitusiyası yeni redaktədə qüvvədir.

Artıq Naxçıvan Konstitusiyasında muxtar respublikanın ali vəzifəli şəxsi haqqında müddəa yoxdur. “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı 5-ci maddə bütünlüklə Naxçıvan Konstitusiyasından çıxarılıb. Ona görə Naxçıvan Konstitusiyasına əsasən, muxtar respublikanın vəzifəliləri arasında heç kim “ali vəzifəli şəxs” deyil.

Amma Azərbaycan Konstitusiyasının 136-cı maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir.

Məsələ burasındadır ki, Ali Məclis sədrinin Naxçıvanın ali vəzifəli şəxsi olması təkcə Naxçıvan Konstitusiyası ilə yox, Azərbaycan Konstitusiyası ilə də təsbit edilib.

Naxçıvan Konstitusiyası dəyişib, Azərbaycan Konstitusiyasında isə dəyişiklik yoxdur, ölkənin ana qanununun dəyişməsi üçün referendum - ümumxalq səsverməsi keçirilməlidir.

Beləliklə, muxtar respublikanın konstitusiyasının dəyişməsi ölkədə referendum keçirilməsini zəruri edir. Əks halda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsi sayılmalıdır, çünki Azərbaycan Konstitusiyası bütün digər hüquqi aktlardan üstündür və 5-ci maddənin Naxçıvan Konstitusiyasından çıxarılması muxtar respublikanın vəzifəliləri arasında daha “ali vəzifəli şəxs”in olmadığını deməyə əsas vermir. Bunu yalnız 136-cı maddə Azərbaycan Konstitusiyasından çıxarılsa söyləmək mümkündür.

Medianews.az

Bizə qoşulun