Medianews.az
Neandertallar və çiçəklərin tozu
104 baxış

Neandertallar və çiçəklərin tozu

Təzəlikcə baş həkimlərimizdən birini işdən çıxardılar. Əgər soruşsanız niyə “...lər” şəkilçisi işlətdim, cavab tapmağa acizəm. Çünki doğrudan da hazırda neçə baş həkimimiz olduğunu bilmirəm. TƏBİB, icbari sığorta, Səhiyyə Nazirliyi... Əməllicə xaosdur. Bəlkə buna görə camaat yalnız meyidi qalanda dövlət xəstəxanasına üz tutur, qalan vaxtlarda əsasən Falçı Gülbadam, Seyid Əlibaba, Çöpçü Yasəmən, gözəllik salonunda qurbağa dərisi ilə sonsuzluğu, üz qırışlarını, prostat iltihabını və yoğun bağırsağın xərçəngini müalicə edən uzman masajist Fatya kimi görkəmli el loğmanlarına müraciət edirik.Atalar yaxşı deyibdir, yüz mamaça yığıla, güc doğana düşər... Yox, üzrlü sayın, o məsəlin yeri deyildi, əslində burada başqa ata sözü olmalıdır: “Mamaça çox olanda, uşaq tərs gələr”.

Əlqərəz, baş həkim işdən çıxarılanda onun tərcümeyi-halını dərc etmişdilər, açığı, mən şok keçirdim və əslində bu cızmaqaranı eləməyimin əsl səbəbi elə o haldır. Yəni, tərcümeyi-hal. Yazılmışdı ki, baş təbibimiz 5 il bu vəzifəni daşımışdır.Çox qeyri-adi vəziyyətdir. 5 il... Harda görünüb cəmi 5 il vəzifədə olasan? Məsələn, bizim keçmiş səhiyyə nazirlərimizdən biri 16 il kürsüdə oturmuşdu. Ondan qabaqkı Əli müəllim də 12 il nazir olmuşdu, bəlkə siyasi səhvə yol verməsə (adətən həkimlər damara düşməkdə çətinlik çəkir, bu işi tibb bacılarına həvalə edirlər) indiyədək nazir işləyirdi.

Hərçənd, TƏBİB-in Vüqar müəllimdən öncəki müdiri Ramin Bayramlı daha çox antirekord müəllifi olmuşdu, onu cəmi il yarım sonra içəri basmışdılar.Ümumilikdə, qeyd etdiyim kimi (oxucu axtaracaq ki, harda qeyd etmisən, tapmayıb məni ittiham edəcək), son dövrlər insanlarımız arasında qısamüddətli vəzifələr dəbə minir. Bunun özü öz-özlüyündə qeyri-adi haldır, özgürlük əlamətidir. Hətta təsəvvür edin, lap təzəlikcə, fevralın 15-də Siyəzən rayon icra hakimi Novruz Novruzov öz köməkçisi Balabəy Balabəyovu (deyəsən orda qanun var, hamıya soyadını ad qoyurlar, məsələn, mən Siyəzəndə yaşasam Hacı Hacı olmalıydım) işdən azad etmişdir. Sayın oxucular istər-istəməz düşünə bilər, buna haqları da bəlkə çatır: “Axı burada qeyri-adi nə vardır? Heç kəs vəzifəsində əbədi deyil. Dolub-boşalan dünyadır”. Ancaq vəziyyət bu qədər sadə deyildir. Olsa heç biz də yazmazdıq. Yaxşi, əsəb xəstələri, ürək dərmanı evdə qalanlar, məktəbli uşağı olanlar bundan sonrasını oxumasın: icra başçısı Novruz müəllim Balabəy müəllimi köməkçi vəzifəsinə... keçən ay təyin edibmiş!

Fevralın süddən yanıq ay olduğunu da nəzərə alsaq, belə çıxır Balabəy müəllim icra başçısının köməkçisi görəvində heç 1 ay da işləməyibdir! Dəhşətdir. Belə proseslər məncə İsveçrədə də getmir.Aktual filoloji yanaşmamı da yazım. Bayaq niyə “görəv” sözü işlətdim? Çünki, məncə bu, “vəzifə” sözünə nisbətdə daha ana dilimizdə sözdür; içində “məni gör, səni görüm” tipli anlayışlar var, halbuki “vəzifə” sözü adamı istər-istəməz “əzir”.Sonda olduqca romantik bir bilgini əziz oxucularıma çatdırmaq istəyirəm, əminəm bunu bilməyənlər çoxdur. Zaqros dağlarının İraqın şimalına düşən hissəsində Şanidar adlı mağara var, orda neandertal insanın yaşayış məskəni aşkara çıxarılıb. İndi yox, hardasa 1950-ci illərdə. Həmin mağarada iki qadın, bir kişi və bir uşaq sümükləri tapılıb və analizlər zamanı dəfn yerində... saysız-hesabsız çiçək tozuna rast gəliblər. Alimlər bu nəticəni çıxarıb ki, 70-50 min il öncə neandertallar ölülərini çiçəklərlə dəfn edirmiş.

Sözümün canı odur ki, əsrarəngiz bir dünyada yaşayırıq, lovğalanmağın, hər şeydən xəbərdar olduğunu iddia etməyin mənası yox

Zamin HACI

Bizə qoşulun