Medianews.az
Neft bahalaşdı:
460 baxış

Neft bahalaşdı: Azərbaycan nə qədər qazanc əldə edib?

Neft və qaz gəlirlərinin artması qaçılmazdır və bu artım Azərbaycanın ümumi neft gəlirlərinə kifayət qədər müsbət təsir göstərəcək. Bu təsir birbaşa dövlət büdcəsinə deyil, Azərbaycan Dövlət Neft Fondunun da daxil olduğu icmal büdcəyə yönələcək. Nəticədə Neft Fonduna daxilolmalar artacaq.

Medianews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli enerji qiymətlərindəki artımın ölkəmizə təsirlərindən danışarkən deyib.

O bildirib ki, hazırda artımın dəqiq həcmini demək çətindir, çünki qiymətlərin nə qədər müddət yüksək qalacağını proqnozlaşdırmaq asan deyil:

“Son üç həftə ərzində qiymətlər ardıcıl şəkildə artır. Bu tendensiyanın nə qədər davam edəcəyi isə zamanla bəlli olacaq”.

İqtisadçı qeyd edib ki, qiymət artımı birbaşa gəlirlərə ciddi təsir göstərir:

“Hər 1 dollar qiymət artımı Azərbaycanın Neft Fonduna gündəlik təxminən 450 min dollar əlavə gəlir gətirir. Əgər qiymət 10 dollar artırsa, bu, gündəlik 4,5 milyon dollar əlavə gəlir deməkdir.

Müharibə başlayandan bəri Azərbaycan neftinin qiyməti təxminən 50–60 dollar yüksəlib. 60 dollarlıq artım isə gündəlik təxminən 27–28 milyon dollar əlavə gəlir deməkdir. Əgər bu vəziyyət bir ay davam edərsə, əlavə gəlirimiz təxminən 700 milyon dollara çata bilər. İki ay davam edərsə, bu rəqəm təxminən 1,5 milyard dollara yaxınlaşa bilər. Bu isə nəzərdə tutulan gəlirdən əlavə qazanc deməkdir”.

Bizə qoşulun