Yaxın Şərqdə artan gərginlik və enerji obyektlərinə hücumlar neft qiymətlərini kəskin yüksəldib.
Medianews.az xəbər verir ki, “Brent” markalı neftin bir bareli 112 dolları keçib.
Ekspertlər xəbərdarlıq edir ki, münaqişə dərinləşərsə, qiymətlər 200 dollara qədər arta bilər.
Son 24 saatda bölgədə şiddətlənən toqquşmalar və enerji infrastrukturunun hədəf alınması bazarlarda ciddi dalğalanma yaradıb. “Brent” nefti əvvəlki ticarət sessiyasını 5,9% artımla 109,65 dollardan bağlayıb, daha sonra isə 112,8 dollar səviyyəsini test edib.
Gərginliyin artması xüsusilə enerji obyektlərinə zərbələrlə bağlıdır. Bu isə qlobal neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
İsrailin İranda yerləşən “Cənubi Pars” qaz yatağını hədəfə almasından sonra vəziyyət daha da gərginləşib. Məlumatlara görə, İran və ona yaxın qrupların cavab hücumları fonunda Dubay, Qətər, Küveyt, İraq, Bəhreyn və Səudiyyə Ərəbistanında partlayışlar və pilotsuz uçuş aparatları ilə hücumlar qeydə alınıb.
Qətərin Ras Laffan bölgəsində yerləşən mayeləşdirilmiş qaz obyektinə hücum nəticəsində ciddi ziyan yarandığı bildirilir. ABŞ Prezidenti Donald Tramp İranı əlavə cavab zərbələrindən çəkinməyə çağırıb. Hadisələr fonunda təbii qaz qiymətləri də artıb.
ABŞ-nin “Citi” investisiya bankının təhlilinə görə, münaqişə tədarük zəncirində ciddi pozuntular yaradarsa, neftin qiyməti ilkin mərhələdə 110–120 dollar aralığında qala bilər. Lakin risklər artarsa, bu rəqəm 150–200 dollara yüksələ bilər. Xüsusilə İranın enerji obyektlərinə hücumları genişləndirməsi və Hörmüz boğazının bağlanması ehtimalı əsas risk amilləri kimi göstərilir.
Medianews.az