Medianews.az
Normadan beş qat artıq
104 baxış

Normadan beş qat artıq çempion

Deyilənə görə, Norveçdə idmanın inkişafının əsas səbəblərindən biri uşaqlarla hələ kiçik yaşlarından, bağça və orta məktəblərdən ciddi iş aparılmasıdır. Və bu zaman maraqlı metod seçilirmiş: müəyyən yaş dövrünəcən, səhv eləmirəmsə, 10-12 yaşlaracan uşaqlara dərsdə qiymət yazılmırmış. Hamı oynayır, idman edir, güləşir, nə bilim, xizək sürür, lakin heç kim 1-ci, 2-ci və sairə, ən əsası, axırıncı yeri tutmur! Bu psixoloji metodla uşaqlarda öz yaşlarına uyğun oyun və dərslər keçilir, gərginlik və zədələrə səbəb olan ağır məşqlər aparılmır.

Məsələn, yada salın bizim güləş məşqçilərinin əlində ölən balaca uşaqları. Çünki bəzi sarsaq valideynlər məşqçilərdən, onlar da həmin uşaqlardan zorakılıqla nəticə tələb edirlər: “Mütləq medal olmalıdır”. Ya da ölü yerindən diplom. Ona görə də bizim idman salonlarından əlində mənasız kağız diplomlarla əlillər çıxır, Norveç stadionlarından isə dünya və olimpiya çempionları.

Bunu yazmağımın səbəbi Azərbaycan futbol yığmasının “FİFA series-2026” turnirinin qalibi olmasıdır. Min şükür, axır bizim futbolçular da medal-zad üzü gördülər. Hərçənd, FİFA-nın bu turniri anekdot kimi bir şeydir, idarənin müdiri İnfantino müəllimin infantil hoqqalarının növbətisidir. Məsələn, builki turnirdə 6 “dünya çempionu” olmuşdur, onlardan biri isə Azərbaycanla yanaşı Aruba-dır. Yəqin mənim kimi coğrafiya xəstəsi olmayan hörmətli oxucularımız bu cırtdan ada dövlətciyinin ismi-şərifini ilk dəfə oxudular. Biz Sent Lüsiyanı udub finala çıxmışdıq, böyük ehtimalla Aruba da Ucarın Ziya Məmmədov adına Qazıqumlaq kənd klubu üzərində möhtəşəm qələbə sayəsində dünya çempionu olmuşdur.

Ümumiyyətlə, cəmi 2 karikatur oyunla necə dünya çempionu olmaq olar? Hələ bizim qrupda Oman da var imiş, müharibəyə görə gələ bilməyiblər, nəticədə Syerra Leone birbaşa finala çıxmışdı. Omanın futbol oynadığını öyrənmiş olduq, ən azından.

Bax, girişdəki söhbətə qayıtsaq, məncə indiyə qədər medal üzünə həsrət qalmaqları bizim oyunçulara stimul verirdi, maraq yaradırdı. (Allah heç qoymasa – bunu da yazaq hər ehtimala qarşı). İndən belə isə oynamayacaqlar. O boyda kubok alıblar. “Mozalan”ın qədim süjetlərindən birindəki kimi: küçədə tıxaca düşürlər, taksi sürən deyir ki, deyəsən “Neftçi”ni qarşılayırlar, UEFA kuboku alıb, gəlir. Sərnişin narazılıqla deyinir: “Yenə kubok alıblar?!”

Yəni, bu “FİFA Series” turniri davamlı olsa Azərbaycan yaxın illərdə “Pentakampeon” (beş qat dünya çempionu) adı qazanıb Braziliya ilə yanaşı dura biləcəkdir.

Halal olsun, uğurlarımızı görməyənin gözü çıxsın, biz isə sevincimizdən ağlayırıq, küçələri su basır. Vətəndaşlar da qalıblar girinc, bilmirlər kimdən yardım istəsinlər.

Halbuki, dövlət elə həm də bu cür vəziyyətlərdə zərərçəkənlərə yardım üçün yaradılır. Camaatın evlərini təbii fəlakət nəticəsində su basıbsa, onlara mütləq yardım olunmalıdır. Ancaq adətən belə məqamlarda hökumət yaxasını qırağa çəkir, deyirlər hər yağışa görə pul ödəyə bilmərik. Bəs “normadan 5 qat artıq yağış” idi, o söhbət necə oldu? Yağanda normanı keçir, zərər ödəyəndə normal olur, eləmi?

Ağsunun Pirhəsənli kəndi də son yağış və seldən zərər çəkib, orda evi olan Qarabağ qazisi, jurnalist həmkarımız Məğrub Bədəlsoy yazır: “Heç kim kömək eləmir. Özü də bu, ilk dəfə deyil. 2013-cü ildə mənim evimə ən azı 5 min manatlıq ziyan dəydi, bütün döşəmə çürüyüb xarab oldu. Rəsmi məlumatda Ağsuda təbii fəlakət qeydə alındığı bildirildi. Ancaq axırda Ağsu rayon icra hakimiyyəti Ekologiya Nazirliyindən arayış aldı ki, 2023-cü ildə Ağsuda heç bir təbiət hadisəsi baş verməyib”.

Sonda lap çoxdan bir oxucudan aldığım, lakin həmişə aktual olan məktub: “Tanışım yeni ev almışdı, sığortası da vardı. Külək ağacı aşırdıb eyvanın bir hissəsini uçurtmuşdu. Sığorta şirkətinə müraciət elədi, dedilər, get Ekologiya və Təbii Sərvətlər Nazirliyindən küləyin sürəti haqda arayış al. Maraqlıdır ki, adam bunlara inanıb, gedib arayışı alıb, indi isə sığorta deyir, sən bu arayışı necə almısan?”\

Zamin HACI 

Bizə qoşulun