Medianews.az
Oruellin personajları – odioz işğalçı ədalətdən
130 baxış

Oruellin personajları – odioz işğalçı ədalətdən danışır

Məşhur ingilis yazıçısı Corc Oruell (1903-1950) sağ olsaydı, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin X sosial media platformasında onun “1984” adlı antiutopik romanından sitat gətirdiyinə görə qürur duymazdı, xəcalətindən yerin dibinə girərdi.

Çünki Oruell bu və digər romanını (“Ferma”) məhz Medvedyevin siyasi sələflərinin qurduğu və idarə etdiyi SSRİ-yə dair yazıb. İndi işə bax ki, Mevedyev özlərinə deyilmiş sözü özgələrə aid edir.

Əslində həyatda Corc Oruell ad-soyadlı adam olmayıb. Sözügedən əsərlərin müəllifinin əsl adı Erik Artur Blerdir, “Corc Oruell” onun ədəbi təxəllüsüdür. O, Britaniya Hindistanında, kolonizator ailəsində doğulub, özü də yekələndə indiki Myanmada polis orqanlarında işləyib. Ancaq bu şəxs totalitarizm və nasizmin sərt tənqidçisi olub. Bu saat dünyanın elə bir ölkəsi yoxdur ki, onun əsərlərini oxumasınlar. Hətta totalitarizm və nasizm yuvası olan ölkələrdə də siyasətlə maraqlananlar Oruellin romanları oxuyurlar.

Qabriel Qarsiya Markesin “Yüz il tənhalıqda” və “Patriarxın payızı” əsərləri necə məşhurdursa, Oruellin əsərləri də eləcə məşhurdur və azı 100 il də bundan belə öz məşhurluğunu qoruyacaq. Çünki dünya Oruellin təsvir etdiyi ölkələrlə doludur.

Yeri gəlmişkən, C.Oruellin “Ferma” əsərinin adıyla bağlı başlıq kirliliyi var. Biri o əsərin adını “Heyvanıstan” kimi tərcümə edib, biri - “Heyvan təsərrüfatı”, biri – “Heyvan ferması” (guya insan ferması da olur), başqa biri - “Heyvan guşəsi” və s. “Heyvan kəndi” kimi tərcümə edənlər də var. Məncə, o əsərin adı dilimizdə “Arxac” ola bilərdi. Arxac qoyun və mal-qaranın tövlələrinə bitişik, açıq havada çəpərlənmiş yataq yeri deməkdir. (Amma bu adda israrlı deyiləm, bilirəm ki, savadlı adamlar tökülüşüb məni haqsız çıxara bilərlər).

İndi gələk o məqama ki, cənab Medvedyev (adamın soyadını bizdə bəzən “Medvedev” yazırlar, amma bu yanlışdır, e hərfi ruscada “ye” kimi oxunur, onun soyadı «Медведэв» deyil, “Медведев”dir, Ельцин – Yeltsin məsələsi) “1984” romanından niyə sitat gətirib.

Adamı bunu Vaşinqtonun Hörmüz boğazı ilə bağlı yeritdiyi siyasət vadar edib. MedvedYEV yazıb ki, bir çox ölkələr Hörmüz boğazını açmaq istədikləri vaxtda Ağ Ev boğazı bağlamaq qərarına gəlib. “Bloklamaq = açmaq? Oruellin caniləri ikiqat hirslə geri qayıdıblar. Növbəti nə olacaq? Əlbəttə ki, "müharibə sülhdür"", - deyə MedvedYEV yazıb.

Bu ifadə ilə o, Oruellin romanındakı "Müharibə sülhdür, azadlıq köləlikdir, cəhalət gücdür" ifadələrinə, dəbdə olan sözlə desək, göndərmə edib.

Söz yox, bu məqamda MedvedYEV haqlıdır, gerçəkdən də hazırda dünyada hər şey baş-ayaqdır. Sülhdən danışa-danışa 50 min adamı qırıb-tökürlər, insan haqlarından bəhs edə-edə 1-2 milyon adamı yer-yurdundan qaçaq salırlar, “fərmandeh nüvə silahı əldə etməyi yasaqlayan fətva verib” deyir, amma nüvə silahı yaratmaq üçün uranın saflaşdırılması işindən də vaz keçmirlər. Dil bir iş görür, əl başqa iş.

Amma Oruellin əsərlərindən sitat gətirəcək sonuncu ölkə məhz Rusiya və onun rəsmi şəxsləridir.

Ona görə ki, onlar özləri, budur, 4 ildir Ukraynada yıxmadıqları, yaxmadıqları dam-daş qoymayıblar, azı 1 milyon gənci (hər iki tərəfdən) güdaza veriblər, BMT-nin reyestrində qeydiyyatda olan ölkənin - Ukraynanın şəhərlərini işğal edir, mətbuatda “daha bir şəhər azad olundu” xəbəri yazdırırlar.

Müasir Rusiya məhz Stalinin vaxtındakı Rusiyanı xatırladır. Həminki totalitarizmdir: “Hər şey cəbhə üçün!”; “Mənfur düşmənə ölüm!”; “Məhv olsun nasizm!” və s. Stalinin vaxtında olduğu kimi, indi də hökumətə qarşı mıqq edənləri cəzalandırır, “xarici agent” adlandırırlar. Hətta and içərəm ki, bu gün MedvedYEV yox, hər hansı bir çilingər Oruellin romanından sitat gətirsəydi, onu polis bölməsinə aparar, “əclaf, sən nə demək istəyirsən” deyə sorğu-suala tutardılar.

Yəni axmaqlıq kimi həyasızlığın da sərhədi, limiti yoxdur, kainat kimi sonsuzdur.

**

Dünya köhnə dünyadır, öz adını özgəyə qoyan meymunları təzədir.

Samir SARI

Bizə qoşulun