İstefa vermək istəyən parlament üzvləri ya Ukrayna Ali Radasında çalışmalı, ya da cəbhədə xidmət etməyə getməlidirlər.
Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bəzi parlament üzvləri tammiqyaslı işğalın başlanğıcından bəri mandatlarından imtina etmək istəyiblər. Lakin hərbi vəziyyət dövründə Ukrayna parlamenti tam fəaliyyət göstərməyə davam etməlidir.
"Onlara qarşı fərqli istəklər və münasibətlər ola bilər, amma biz hərbi vəziyyət şəraitindəyik və dövlətimizi müdafiə etməliyik. Buna görə də parlament üzvləri ya Ukrayna qanunlarına uyğun olaraq parlamentdə xidmət etməli olacaqlar, ya da mən parlament üzvlərinin cəbhəyə gedə bilmələri üçün səfərbərlikdə dəyişikliklər haqqında qanunu müzakirə etməyə hazıram. Əgər dövlətə parlamentdə xidmət etmirsinizsə, onda cəbhədə xidmət edin. Mənim yanaşmam budur”, - deyə Zelenski bildirib.
Zelenski parlament üzvlərinin hərbi xidmətə qoşulmalarına imkan verəcək səfərbərlik qanunvericiliyinə mümkün dəyişiklikləri parlamentlə müzakirə etməyə hazır olduğunu vurğulayaraq deyib ki, müharibə dövründə seçkilərin keçirilməsi mümkün deyil.