Ermənistanın Baş naziri keçmiş həyat yoldaşı ilə yenidən bir araya gəldiyini təsdiqləyib.
Medianews.az Sfera.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Anna Akopyanla barışdıqlarını açıqlayıb. Baş nazir bildirib ki, Anna Akopyan ayrılıq barədə açıqlama verəndə onun bu qərarına hörmətlə yanaşsa da, vəziyyətlə barışmamışdı:
“Anna bu qərarını açıqlayanda mən dedim ki, ona hörmət edirəm, amma bu o demək deyil ki, mən bununla barışmışam. Təbii ki, mən də sizin bəhs etdiyiniz hadisənin baş verməsi üçün addımlar atdım. Şadam ki, bu baş verdi və ailəmizin bir yerdə qalması üçün yeni bir şans qazandıq”.
Xatırladaq ki, Anna Akopyan 2026-cı ilin fevralında Baş nazir Nikol Paşinyandan ayrıldığını elan etmişdi. Cütlük rəsmi nikahda olmasa da, təxminən 30 il qeyri-rəsmi ailə həyatı yaşayıb. Anna Akopyan uzun illər Nikol Paşinyanın həyat yoldaşı kimi tanınıb. İddialara görə, cütlüyün yenidən bir araya gəlməsi onların bir neçə gün əvvəl Gümrüdə keçirilən ictimai tədbirdə birlikdə görüntülənməsindən sonra gündəmə gəlib.
