Medianews.az
Paşinyan sabahdan “güllə vurulur”,
129 baxış

Paşinyan sabahdan “güllə vurulur”, güllələr də açıla bilər

7 iyun parlament seçkilərinə sayılı günlər qaldığı ərəfədə Ermənistanda siyasi hərarət kifayət qədər yüksəlib. Nikol Paşinyanın rəqiblərinə qarşı od püskürməsi, hətta onların kökünü kəsəcəyi ilə hədələməsi proseslərin hər an nəzarətdən çıxa biləcəyi, hətta silahların işə düşəcəyi ehtimalından qaynaqlanır.

Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Ermənistanın baş naziri küçədə sakinlərlə görüşərkən qarşısına çıxıb, onu tənqid edənləri söyür, həbs etdirir, ağlına və ağzına gələnləri deyir. Artıq əllərini çarpazlayıb, ənənəvi ürək şəkli göstərməyə zamanı və həvəsi qalmayıb. Heç zərb alətlərində ifaya da...Çox əsəbidir. Mayın ilk həftəsində Avropa İttifaqının Ermənistandakı sammitindən sonra sanki Kremlin Paşinyandan üzü dönüb və revanşist rəqiblərin boy göstərməsi də bundan sonra başladı. Deməli, rəqibləri Rusiyadan lazımi tapşırıqları alıblar və “son döyüş”ə başlayıblar. Əslində anlayırlar ki, Paşinyan növbəti dəfə qalib gəlsə, dediyini edəcək, fərariləri, cinayətkarları, onu yıxmağa çalışanları ən azı Ermənistandan qovacaq, yaxud da həbsxanada çürüdəcək. Robert Köçəryanın 1 mart 2008 cinayətlərindən tutmuş, Qarabağdakı talanlarına, Samvel Karapetyanın Rusiya FTX-sinin agenti olmasına qədər çoxsaylı faktlara malikdir Paşinyan, ona görə də rəqibləri onunla nəyin bahasına olursa-olsun haqq – hesab çürütməkdə qərarlıdır. Həm də aldıqları tapşırıq bunu tələb edir. Düzdür, Paşinyanı Qərb kəşfiyyatı qoruyur, hətta onu ittiham edən qarabağlı ermənini dərhal iki aylıq “dam”a basdılar ki,  digərlərinə də “göz olsun”. Ancaq Ermənistanda nəyi bacarmasalar da, terroru, sui-qəsdi yaxşı bacarırlar. Odur ki, bircə güllə vəziyyəti dəyişə bilər, özü də təkcə kadastr sənədi olmayan, şərti sərhədli Ermənistanda yox...Bəzi “ssenari müəllifləri”nə də elə bu lazımdır. Zatən, onlar Azərbaycanla Ermənistan arasında belə sürətli şəkildə tarixi razılaşmaların əldə olunmasını, Ermənistan rəhbərliyinin “Qarabağa, Naxçıvana qayıdışı unudun” deməsini istəmirdilər, gözləmirdilər. Elə bu səbəbdən dəfələrlə ermənilərə xitabən “Qarabağı Azərbaycan ərazisi kimi Paşinyan tanıdı”, xatırlatmasını ünvanlayanlar yenə də “qazanı qaynatmağa” çalışırlar. Belə olduğu təqdirdə ötən əsr boyunca olduğu kimi, hökm etmək, həm də dizə çökmüş Ermənistanın yalvarışlarına ünvan olmaq perspektivi gözləyir həmin mərkəzləri...  

Paşinyan: Karapetyanın FSB əməkdaşı olduğu sübut edildi

Diqqət edin, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ermənistanda anti-Rusiya kampaniyasının aparıldığı iddia olunub. Rusiya XİN bildirib ki, Moskva Ermənistanın daxili işlərinə qarışmır və Avropa İttifaqından fərqli olaraq seçki proseslərinə təsir göstərməyə çalışmır. Rusiya tərəfi vurğulayıb ki, son dövrlərdə Ermənistan rəhbərliyinin atdığı addımlar Moskva-İrəvan müttəfiqliyinin ruhuna ziddir və münasibətlərdə ciddi dəyişiklik riski yaradır. Kreml həmçinin qeyd edib ki, Qərb Ermənistanı Rusiyaya qarşı istifadə etməyə çalışır və İrəvan bu xəbərdarlıqlara məhəl qoymur. Bəyanatda qarşıdan gələn parlament seçkiləri fonunda Ermənistan cəmiyyətinin ölkəni Rusiya ilə qarşıdurmaya sürükləməyə imkan verməyəcəyinə ümid ifadə olunub. Lap “Qurd və Quzu” təmsilindəki kimi...Ermənistanda anti-Rusiya ritorikası varmı? Uzağı, Ermənistan rəsmiləri Lavrov, Qaluzin, Overçuk, Şoyqu kimi rəsmilərin Paşinyan hakimiyyətinə yönəlik təhdidlərinə cavab reaksiyası verirlər. Düşmən də olsa, haqqı demək lazımdır, Ermənistan seçki keçirir, niyə digər ölkə onun qarşısına şərt qoymalıdır ki, sən imkan yarat, Rusiyada yaşayanlar da səs versinlər, yaxud Rusiya pasportu daşıyan namizəd də seçilsin, onun baş nazirliyə gedən yolunu kəsmə?! Absurd deyilmi? Amma kimdir buna məhəl qoyan? Ən azı iki qonşusunun 20 faiz ərazisini işğal altında saxlayan üçün beynəlxalq hüquq “fuflodur, fuflo”.

Mixail Qaluzin: Moskva və Bakı Azərbaycanda Rusiya baş konsulluqlarının  yaradılmasını müzakirə edirlər

Diqqət edin, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Moskva Ermənistan rəhbərliyində Qərbin siyasəti ilə bağlı Rusiyanın xəbərdarlıqlarını nəzərə almaq hazırlığını görmür. Rusiya rəsmisi hesab edir ki, Avropa İttifaqı da daxil olmaqla Qərbin əsas məqsədlərindən biri Ermənistandan Rusiya ilə qarşıdurmada istifadə etməkdir. Sitat: Biz hiss edirik ki, Ermənistan tərəfi, Ermənistan rəhbərliyi bizim xəbərdarlıqlarımıza qulaq asmaq niyyəti nümayiş etdirmir. Biz onlara xəbərdarlıq edirik ki, Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Qərbin, o cümlədən Avropa İttifaqının əsl məqsədi Ermənistandan Rusiyaya qarşı istifadə etməkdir”. Ritorikaya baxın: “Biz onlara xəbərdar edirik!” Sonra da deyirlər Ermənistanda anti-Rusiya ritorikası var...

Sergey Şoyqu Kremlə çağırılıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasında bildirib ki, Ermənistan Rusiyaya qarşı açıq-aşkar düşmənçilik xarakterli bir sıra hərəkətlər edib. “Ermənistan rəhbərliyi son zamanlar Rusiya Federasiyası ilə müttəfiqlik münasibətlərinin ruhuna uyğun olmayan bir sıra addımlar atıb. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı qərarı, Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası on minlərlə Ermənistan vətəndaşını iş yeri təmin edən Rusiya iqtisadi operatorlarının fəaliyyəti üçün şəraiti qəsdən pisləşdirir”, Şoyqu deyib.

Ermənistan hökuməti və müxalifət arasında artan fikir ayrılığı: Bu,  Azərbaycanla normallaşma prosesinə necə təsir edəcək?

Vaxtilə Ukraynaya ünvanlanan bəyanatlara bənzəyir: “”Ötən yaz Ermənistanın Avropa İttifaqına qoşulması üçün qanunvericilik təsdiqləndi. Ermənistanın 2025-2026-cı illərdəki strateji tərəfdaşları arasında Rusiyaya qarşı dost olmayan bir sıra dövlətlər” də var. Onlarla təhlükəsizlik sahəsində əməkdaşlıq edilir, birgə hərbi təlimlər keçirilir”. Daha sonra iqtisadi təhdidlər: “Rusiyanın Ermənistanın ümumi ticarət dövriyyəsindəki payı 36% təşkil edir. Ölkəmiz həm ixracda, həm də idxalda birinci yerdədir. 2025-ci ildə turistlərin təxminən 40%-i Rusiyadan Ermənistana gəlib və onların əmanətləri respublikanın iqtisadiyyatını dəstəkləyib. Keçən il Ermənistana səfər edən turistlərin 40%-i Rusiyadan gəlib - 921.000 nəfər. Vətəndaşlarımız Ermənistan iqtisadiyyatına əhəmiyyətli töhfə veriblər. Onlar əmanətləri ilə aviaşirkətləri, restoranları, otelləri və turizm infrastrukturunu dəstəkləyiblər”. Erməni seçiciləri üçün “yaddaş”: “Rus və erməni xalqlarını əsrlər boyu davam edən dostluq əlaqələri və ortaq tarix, o cümlədən xarici işğalçılara müqavimət birləşdirir”. Və böyük bir minnət: “Rusiyanın səyləri sayəsində Ermənistan 1990-cı illərdə suverenliyini qoruyub saxladı. Məhz Rusiyanın vasitəçiliyi 2020-ci ildə döyüşlərin dayandırılmasına və vəziyyətin sülh yolu ilə həllinə qayıtmasına imkan verdi”.

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi Cənubi Qafqazda hansı  yeniliklərə SƏBƏB olacaq? Siyasi ŞƏRH

1 aprel Putin-Paşinyan görüşündəki sərt polemikadan sonra demək olar ki, Ermənistanı hədələməyən rusiyalı rəsmi qalmadı. Ardınca əməli iş, “yeni xanə”dən: Rusiya sabahdan, 22 may tarixindən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq etdiyini açıqlayıb! Rusiyanın “Rosselxoznadzor” xidməti məlumat yayıb. Bildirilir ki, tədbir Avrasiya İqtisadi Birliyi çərçivəsində karantin risklərinin qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Rusiya tərəfi qeyd edir ki, məqsəd daxili bazarın və ixrac potensialının qorunmasıdır. Yoxlamaların nəticələrindən asılı olaraq məhdudiyyətlərin müddəti və şərtləri yenidən nəzərdən keçirilə bilər...

Nikol Paşinyan: Ermənilər ətraf aləmi dərk edə bilmirlər

Belə, 2018-ci ildə “məxməri” yolla hakimiyyətə gələn Nikol Paşinyan və komandası “erməni gülü” ilə “vurulur”. Ola bilər ki, seçkilərə saatlar qalmış “gül zərbəsi”nin effektli olmadığını görən əleyhdarları güllə-borana da əl atsınlar. Gözləyək, görək sonda kim gül(lələn)əcək?.. 

Elşad PAŞASOY 

Bizə qoşulun