Medianews.az
Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur?
246 baxış

Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur?

Ermənistanın baş naziri Nikol Paşinyan 7 iyun parlament seçkisinə qatılmış üç qüvvəni “üçbaşlı müharibə partiyası” adlandırıb.

Medianews.az-ın məlumatına görə, Paşinyan bildirib ki, bu “üçbaşlı müharibə partiyası” Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışır: “Üçbaşlı müharibə partiyası istəyirdi ki, biz Rusiyadakı tərəfdaşlarımızla münaqişəyə girək. Mən Rusiyadakı tərəfdaşlarımıza da dedim: biz sizinlə vuruşmayacağıq, mübahisə etməyəcəyik, söz davasına da girməyəcəyik, biz sakit, səbirlə öz mövqeyimizin müdafiəsində duracağıq. Biz Rusiya Federasiyasının maraqlarına qarşı çıxmayacağıq, lakin öz maraqlarımıza qarşı da getməyəcəyik”.

Nikol Paşinyan bu sözləri bölgələrdə apardığı seçkiqabağı təşviqat nitqində deyib.

Baş nazir vurğulayıb ki, “üçbaşlı müharibə partiyası”nın liderləri başa düşürlər ki, seçkilərdə iflasa uğrayacaqlar: “Ona görə də Avrasiya İqtisadi İttifaqı çərçivəsində malik olduqları bəzi əlaqələrdən istifadə edib Ermənistana problemlər yaradırlar. Onlar casus kimi zəng edirlər, səfərə çıxıb oralarda nələrsə edirlər və hamısında da məqsəd ölkəmizə problem yaratmaqdır”.

“Üçbaşlı müharibə partiyası” deyəndə Paşinyan Güclü Ermənistan blokunu, Ermənistan blokunu və Çiçəklənən Ermənistan Partiyasını nəzərdə tutur. Bu qüvvələr parlament seçkisinə ayrı-ayrılıqda qatılıb.

Güclü Ermənistan blokunda üç partiya təmsil olunur. Aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.

İki partiyadan ibarət Ermənistan blokunun namizədlərinin siyahısında Robert Köçəryan öndədir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimə başçılıq edib. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin olunub. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

Çiçəklənən Ermənistan Partiyasının namizədlər siyahısında lideri Qaqik Sarukyan öndədir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.

Nikol Paşinyan seçkidə hakim Vətəndaş Sazişi Partiyasının namizədi kimi iştirak edir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun, İşıqlı Ermənistan və Respublika partiyalarının daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

Ermənistanın 2021-ci ildə seçilmiş indiki parlamenti 107 nəfərlikdir. Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, Robert Köçəryana bağlı Ermənistan blokunun 27, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.

Proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin 4 faizini, bloklar 8 faizini toplamalıdır. Mandatların 54 faizini alan siyasi qüvvə hökumət qurmaq hüququ əldə edir.

Azı 101 nəfərdən ibarət qanunverici orqanda heç bir qüvvə mandatların üçdə ikisindən çoxunu ala bilməz.

Medianews.az

Bizə qoşulun