İran Prezidenti Məsud Pezeşkian ABŞ-İsrail hücumunda ağır yaralandığı iddia olunan İranın Ali Lideri Müctəba Xamenei ilə keçirdiyi son görüş barədə açıqlama verib.
Medianews.az xəbər verir ki, Pezeşkian görüşün təxminən iki saat yarım davam etdiyini və son dərəcə səmimi atmosferdə keçdiyini bildirib.
İran prezidenti görüş zamanı dövlət idarəçiliyi və milli məsələlərlə bağlı vacib mövzuların müzakirə olunduğunu qeyd etsə də, detalları açıqlamayıb.
Pezeşkian bildirib:
“Ali liderimizlə görüş keçirdik və təxminən iki saat yarım söhbət etdik. Onun davranışı və yanaşması çox isti və təvazökar idi.”
İran prezidenti bu görüşü “vacib yüksək səviyyəli əlaqə” kimi qiymətləndirərək, dövlət işləri üzrə koordinasiyanın davam etdiyini vurğulayıb.
Digər tərəfdən, görüşlə bağlı İran rəhbərliyi tərəfindən əlavə rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl The New York Times adı açıqlanmayan İran rəsmilərinə istinadən yaydığı məlumatda Müctəba Xameneinin İran-İsrail gərginliyi zamanı baş verən hücumlarda ayaqlarından yaralandığını iddia etmişdi. Məlumatda onun yüksək təhlükəsizlik zonasında saxlanıldığı da bildirilib.
Medianews.az