Medianews.az
Putinin generallarla məxfi tədbiri üzə çıxdı –
168 baxış

Putinin generallarla məxfi tədbiri üzə çıxdı – FOTO

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı döyüşlərdə iştirak etmiş Şimali Koreya generallarını mükafatlandırdığı üzə çıxıb.

Medianews.az bildirir ki, söhbət ötən ilin dekabrında Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşən, Şimali Koreya hərbçilərindən ibarət qrupun komandanlarından gedir.

Məlum olur ki, generalların mükafatlandırılması üçün Moskvada rəsmi mərasim də keçirilibmiş. Amma indiyədək bu barədə hər hansı informasiya yayılmayıb.

Generalların mükafatlandırıldığı isə bu ilin aprelində Şimali Koreya lideri Kim Çen Inın Pxenyanda açdığı xatirə muzeyində nümayiş etdirilən fotoşəkillərdən bəlli olub. Muzeyin açılışında Rusiya rəsmiləri də iştirak ediblər.

Açılış zamanı Kim Çen In Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə Rusiyanın müdafiə naziri Andrey Belousova Putinin Şimali Koreya hərbçilərinə mükafatları təqdim etdiyi an çəkilmiş fotoları göstərib.

Şimali Koreya Mərkəzi Televiziyasının (KCTV) aprelin 27-də açılış mərasimindən yaydığı reportajı təhlil edən ekspertlərin fikrincə, mükafatlandırma mərasimi 2025-ci il dekabrın 3-də Moskvada baş tutub.

Fotoların üzərində belə yazılıb: “Kursk vilayətinin azad olunması əməliyyatında iştirak etmiş Koreya Xalq Ordusunun xarici operativ bölməsinin komandirlərinə və əsgərlərinə Rusiya Federasiyasının dövlət mükafatlarının təqdim edilməsi mərasimi. 3 dekabr 2025-ci il”.

Şəkillərin altında təqdim olunmuş mükafatların özü də sərgilənir. Mükafatları azı beş koreyalı generalın aldığı bildirilir. Fotolardan konkret kimlərin təltif olunduğu aydın deyil. Ancaq ekspertlər onların arasında Putinin 2025-ci il mayın 9-da Moskvada Qələbə paradında görüşdüyü beş generalın ola biləcəyini deyirlər.

Müdafiə naziri Andrey Belousov apreldə Pxenyana səfəri zamanı Ukrayna qüvvələri ilə döyüşlərdə xüsusi fərqlənən 10 koreyalı hərbçini də mükafatlandırıb.

Muzeyin yaxınlığında Şimali Koreyanın həlak olmuş təxminən 2300 hərbçisinin adlarının həkk olunduğu xatirə lövhələri yerləşdirilib.

Ötən il Ukrayna Kursk vilayətinin bir hissəsini nəzarətə götürəndə Kim Çen In Putinə yardım üçün təxminən 11 min əsgər göndərmişdi. Ərazi geri alındıqdan sonra Moskvada həmin döyüşlərdə iştirak etmiş Şimali Koreya hərbçilərinə həsr olunmuş rəsm sərgisi də təşkil olunmuşdu.

Medianews.az

Bizə qoşulun