Medianews.az
İstanbulda nəhəng əməliyyat:
112 baxış

İstanbulda nəhəng əməliyyat: 10 mindən çox tarixi əsər ələ keçirildi

İstanbulun Beykoz rayonunda tarixi əsər qaçaqmalçılarına qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 10 min 185 ədəd tarixi əsər müsadirə olunub. Əsərlərin 12 fərqli sivilizasiyaya aid olduğu müəyyən edilib.

Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri Şöbəsi tərəfindən "Mədəni və Təbii İrsin Qorunması haqqında" qanunun pozulması faktı üzrə aparılan araşdırma çərçivəsində iyunun 23-də Beykoz rayonunda müəyyən edilmiş ünvana əməliyyat keçirilib.

Əməliyyat zamanı tarixi əsərlərin qanunsuz dövriyyəsi ilə məşğul olduqları müəyyən edilən iki şübhəli saxlanılıb.

Şübhəlilərin yaşadığı ünvanda aparılan axtarış zamanı ümumilikdə 10 min 185 tarixi əsər aşkarlanıb. Müsadirə edilən əşyalar arasında 6 min 819 arxeoloji əsər, kitabə və müxtəlif tarixi əşyalar, eləcə də 3 min 366 qədim sikkə var.

Mütəxəssislərin ilkin araşdırmasına əsasən, əsərlər Anadolu Səlcuqlu, Böyük Səlcuqlu, Het, Urartu, Yunan, Roma, Bizans, Assuriya, Mesopotamiya, Əməvi, Abbasi və Osmanlı dövlətləri də daxil olmaqla, 12 fərqli sivilizasiyaya aiddir.

Polis əməliyyatı İstanbul Qaçaqmalçılıq Cinayətləri Şöbəsinin tarixində ən böyük tarixi əsər müsadirələrindən biri kimi qiymətləndirilir.

Saxlanılan iki şübhəli polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb və daha sonra sərbəst buraxılıb.

Müsadirə edilən tarixi əsərlər isə ətraflı araşdırılması və qorunması məqsədilə müvafiq muzey rəhbərliklərinə təhvil verilib.

Medianews.az

Bizə qoşulun