Medianews.az
Prezident İlham Əliyev Sankt-Peterburqa niyə getmədi?
158 baxış

Prezident İlham Əliyev Sankt-Peterburqa niyə getmədi?

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. Prezident İlham Əliyev dekabrın 22-də MDB dövlət başçılarının eyni şəhərdə keçirilən qeyri-rəsmi Zirvə görüşünə də qatılmayacaq.

Ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında vurulandan sonra Bakı ilə Moskva arasında münasibətlər kəskin pisləşdi. Sonradan Rusiya Prezidenti Vladimir Putinin bu hadisəyə görə üzr istəməsi, zərərçəkənlərə təzminat ödənəcəyini, cinayətkarların cəzalandırılacağını vəd etməsi münasibətlərin normallaşmağa doğru getdiyi təəssüratını yaratmışdı. Prezident İlham Əliyevin Sankt-Peterburqdakı tədbirlərə qatılmaması bu təəssüratın yanlış olduğuna dəlalət edirmi?

Siyasi şərhçi Oqtay Qasımov Medianews.az-a bildirib ki, Azərbaycan Prezidentinin Sankt-Peterburqdakı tədbirlərdə iştirak etməməsinin səbəbləri ilə bağlı Prezident Administrasiyası tərəfindən geniş açıqlama verilib: “Hesab edirəm ki, bu, kifayət qədər əsaslandırılmış mövqedir. Amma eyni zamanda digər faktorlara da diqqət etmək lazımdır. Şəxsən mən Azərbaycan vətəndaşı olaraq ölkəmizin rəhbərinin hazırkı şəraitdə MDB dövlət başçılarının qeyri-rəsmi toplantısında iştirakının tərəfdarı deyiləm. İlk növbədə nəzərə almaq lazımdır ki, bu, qeyri-rəsmi toplantıdır. Belə toplantılarda hansısa ciddi qərarlar verilmir. Bu, sadəcə olaraq hər ilin sonunda qeyri-rəsmi xarakterli ənənəvi bir görüşdür. Ötən il məhz MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının təyin olunduğu gün, Azərbaycan Prezidentinin yolda olduğu zaman AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya ərazisində vuruldu. Bundan sonra Azərbaycan haqlı olaraq Rusiyadan bir çox addımların atılmasını tələb etdi. Təəssüf ki, indiyədək bu tələblərin hamısı yerinə yetirilməyib”.

O.Qasımov qeyd edib ki, Rusiya Prezidenti oktyabrının 10-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə müəyyən vədlər verib: “Həmin vədlər arasında təyyarəmizin vurulmasında günahı olanların istintaq vasitəsilə aşkarlanması və onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi xüsusi yer tutur. Beynəlxalq konvensiyalar da, Rusiyanın özünün qanunvericiliyi də bunu tələb edir. Təyyarəmizin vurulmasının bir ili tamam olur, amma biz sözügedən istiqamətdə konkret hüquqi addımların atıldığını görmürük.

Eyni zamanda son dövrlər yenə Rusiyada Azərbaycan diasporuna qarşı repressiv əməliyyatlar həyata keçirilir. Bu baxımdan indiki şəraitdə Sankt-Peterburq toplantısında iştirak etmək məqsədəuyğun deyildi.

Rusiyanın bu cür toplantılarla keçmiş sovet respublikalarının Moskvanın təsir, nüfuz dairəsində olduğu görüntüsünü yaratmağa çalışdığı da bəllidir. Azərbaycan isə müstəqil siyasət yürüdür, qlobal güc mərkəzləri ilə normal münasibətlər, əməkdaşlıq, tərəfdaşlıq qurur. Bu, Rusiyanın maraqları ilə üst-üstə düşmür. Amma Azərbaycan öz maraqlarının müdafiəsində durduğunu birmənalı, prinsipial şəkildə nümayiş etdirir. Bakı müstəqil siyasət yürütmək xəttini dəyişməyəcəyi mesajını açıq şəkildə verir. Biz, əlbəttə ki, Rusiya ilə normal qonşuluq və tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıyıq. Amma təəssüf ki, xüsusilə Ukrayna cəbhəsində müəyyən strateji üstünlük qazandığı, ABŞ ilə dialoqları hesabına xeyli dərəcədə təcrid vəziyyətindən çıxa bildiyi indiki dövrdə Rusiya siyasətində yenidən aqressiv ritorika, təzyiq meylləri önə çıxmaqdadır. Bu da bizim maraqlarımıza uyğun deyil. Azərbaycan Rusiya ilə yalnız bərabərhüquqlu, normal münasibətlərin tərəfdarıdır”.

Xatırladaq ki, dekabrın 22-si səhər Prezident Administrasiyası bəyan edib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də Sankt-Peterburq şəhərində keçirilmiş iclasında iştirak etməyib.

MDB dövlət başçılarının 22 dekabr tarixli qeyri-rəsmi Zirvə görüşünə gəlincə, Prezident Administrasiyasından vurğulanıb ki, dövlətimizin başçısı bu görüşdə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Administrasiyanın açıqlamasında xatırladılıb ki, Azərbaycan Respublikası üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir: “Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə keçirilmiş görüşlər səmərəli olub”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun