Aprelin 24-də Rusiya prezidenti Vladimir Putin qondarma "erməni soyqırımı"nın 111-ci ildönümünə həsr olunmuş tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, qondarma soyqırımı tədbirlərinə dəstək məqsədilə dünən və bu gün müraciət yayan bir qisim dövlət başçısı bu hərəkətləri ilə dolayısıyla İrəvanın mərkəzi meydanında Türkiyə bayrağının yandırılmasına da haqq qazandırmış olurlar:
“Ermənistanın baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” mövzusuna maraq göstərmədiyi, “soyqırımının beynəlxalq səviyyədə tanınması hökumətin xarici siyasət prioriteti deyil” dediyi halda, bir qisim dövlət başçısı, o cümlədən Vladimir Putin “Roma Papasından artıq katolik” olmaq istəyir.
Putinin “soyqırımı” tədbirinin iştirakçılarına müraciətinin ruhu Ermənistanda parlament seçkisi öncəsi radikal müxalifətə dəstək anlamı daşıyır.
Məsələn, Putin belə bir cümlə işlədib: “Ermənistanın oğul və qızlarının milli kimliklərini qoruyub saxlamağa davam edəcəklərinə əminliyimi ifadə edirəm”.
Bu cümləni belə də oxumaq olar: “Sizin baş naziriniz milli kimlikdən uzaqlaşıb, ermənilərin düşmənləri ilə dostluq edir, ermənilərin milli kimliyi isə Rusiya ilə ittifaqın davamından keçir”.
Qeyd edək ki, Putin müraciətində “müdafiəsiz insanların qətlə yetirilməsinin fəsadları dini ədavətin qızışdırılmasının, millətçiliyin və ksenofobiyanın nələrə gətirib çıxardığını göstərdi”, “biz erməni xalqına qarşı soyqırımının qurbanı olmuş yüz minlərlə insanın xatirəsi önündə baş əyirik” kimi ifadələr də yer alıb. Putin həmçinin “dost erməni xalqına rifah və tərəqqi” arzulayıb.
Nailə Qasımova,
Medianews.az