Heç düşünmüsünüzmü, niyə cəmi 20–30 il əvvəl qadın rejissorlar kinoda bir istisna hesab olunurdu, bu gün isə ən çox müzakirə edilən filmlərin müəllifləri məhz onlardır? Qadın rejissorlar sadəcə film çəkmirlər; onlar kinonun dilini genişləndirir, toxunulmayan mövzuları gün işığına çıxarırlar.
Medianews.az Lent.az-a istinadən tənqidçilərdən yüksək rəy alan, beynəlxalq reytinqlərdə zirvədə qərarlaşan və kinoya baxış bucağını dəyişən unikal ekran əsərlərini təqdim edir. Onların ortaq cəhəti qadın zəkası və baxışı ilə ərsəyə gəlmələridir.
Persepolis
Marjan Satrapinin eyniadlı qrafik romanı əsasında çəkilmiş animasiya filmidir. Hekayənin mərkəzində uşaqlığı və gəncliyi İrandakı İslam inqilabı dövrünə təsadüf edən bir qız dayanır.
Rejissor fərdi azadlıqla siyasi basqıların toqquşduğu bir mühitdə özünü kəşf etmə və qadın müstəqilliyi mövzularına dərindən toxunur. Bu film animasiyanı sadəcə "cizgi filmi" olmaqdan çıxarıb, ciddi müəllif kinosuna çevirdi.
The Hurt Locker
Ketrin Biqelou müharibəni döyüş meydanı kimi deyil, onun iştirakçılarının emosional sarsıntıları, qorxu və asılılıqları prizmasından göstərib. Bu film dünya kinosunda böyük rezonans doğurub və "Ən yaxşı film" nominasiyasında Oskar alan ilk qadın rejissor işi kimi tarixə düşüb.
We Need to Talk About Kevin
Film problemli bir yeniyetmənin anasından bəhs edir. Rejissor "yaxşı valideynlərin pis övladı olmaz" illüziyasını darmadağın edərək, analıq duyğusunun günahkarlıq və anlaşılmazlıq dolu dərin qatlarını nümayiş etdirir.
Mustang
Türkiyənin mühafizəkar kəndlərindən birində ənənələrin təzyiqi altında öz qadın kimliyini və müstəqilliyini qorumağa çalışan beş bacının hekayəsidir.
Rejissor qadınların öz müqəddəratını təyin etmə hüququnun "çoxəsrlik adətlər" adı altında necə boğulduğunu ustadlıqla təsvir edir.
Capernaum
Hekayənin mərkəzində onu dünyaya gətirdikləri üçün valideynlərini məhkəməyə verən 12 yaşlı uşaq dayanır. Bir uşağın "Mən məni doğmağınızı istəməmişdim" fəryadının nə qədər haqlı olduğunu göstərən sarsıdıcı bir nümunədir.
Rejissor uşaq yoxsulluğunu valideyn eqoizmi və məsuliyyətsizliyi kontekstində araşdırır.
Little Women
Bacıların böyümə sancıları, sevgi, yaradıcılıq və azadlıq axtarışları. Qreta Qerviq sübut etdi ki, klassik bir əsəri dövrün ruhuna uyğun, həm də orijinala sadiq qalaraq çəkmək mümkündür. Və bu işin öhdəsindən bir qadının gəlməsi olduqca simvolikdir.
The Farewell
Çinli bir ailənin hekayəsi vasitəsilə nəsillərin toqquşması, Qərb və Şərq mədəniyyətlərinin fərqi göstərilir.
Rejissor sual verir: "kollektiv şəfqət üçün fərdi dürüstlükdən keçmək nə dərəcədə doğrudur?"
Portrait of a Lady on Fire
Rəssam və model arasında yaranan fövqəladə dərəcədə həssas və emosional dərinliyi olan tarixi dram. Bu, məhz "qadın tərəfindən qadın üçün" çəkilmiş nadir filmlərdəndir.
Nomadland
İşini və evini itirdikdən sonra furqonu ilə Amerika boyu səyahətə çıxan qadının hekayəsidir.
Rejissor köçəri həyat tərzi haqqında romantik xəyallar qurmur, əksinə, qlobal qeyri-sabitlik dövründə itki və məna axtarışını olduğu kimi göstərir.
Aftersun
Artıq böyümüş bir qızın atası ilə keçirdiyi uşaqlıq tətilini xatırlayaraq münasibətlərini yenidən mənalandırmasıdır.
Valideynlik, yaddaş və itki motivləri mozaik bir hekayə ilə təqdim olunur. Film son illərin ən çox müzakirə edilən müstəqil kino nümunələrindən biridir.