Qarabasmalar çoxları üçün qorxulu sayılsa da, onların arxasında gözlənilməz və hətta faydalı mexanizm dayanır.
Medianews.az xəbər verir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova danışıb.
O bildirib ki, qarabasmalar beynin stresli vəziyyətlərin öhdəsindən gəlməsinə yardım edən təbii mexanizmdir. Professorun sözlərinə görə, qarabasma orqanizmin güclü emosional təcrübələrə, psixoloji gərginliyə, xroniki yorğunluğa verdiyi reaksiyadır.
Mütəxəssis qeyd edir ki, beyin bu proses vasitəsilə yaşanan stresli vəziyyətləri “emal edir” və uyğunlaşma mexanizmlərini işə salır. Korabelnikova əlavə edib ki, qarabasmaların yaranmasına təkcə stress yox, həm də gündəlik vərdişlər təsir göstərə bilər. Bunlara yatmazdan əvvəl həddindən artıq qidalanma, səs-küylü və işıqlı mühit, yuxu gigiyenasının pozulması, yaşayış mühitinin dəyişməsi daxildir.
Maraqlıdır ki, mütəxəssisin fikrincə, qarabasma müəyyən hallarda faydalı rol oynayır. Çünki beyin stresli ssenariləri yuxu zamanı simulyasiya edərək onlara psixoloji uyğunlaşmanı gücləndirir. Bu səbəbdən bəzi insanlar qarabasma gördükdən sonra belə özlərini daha yüngül və ya təravətli hiss edə bilirlər.
Ekspert vurğulayır ki, hər kəs zaman-zaman pis yuxular görə bilər. Lakin qarabasmalar: müntəzəm və intensiv şəkildə təkrarlanırsa, yuxunun keyfiyyətini ciddi şəkildə pozursa, gündəlik həyata mənfi təsir edirsə, bu, daha ciddi nevroloji və ya psixoloji problemlərin siqnalı ola bilər.
Mütəxəssis qarabasmaların tezliyini azaltmaq üçün stressin idarə olunması, sağlam yuxu rejiminin qorunması və zəruri hallarda peşəkar dəstəyə müraciət etməyi tövsiyə edir.
Medianews.az