Ramazan ayında qidalanma rejiminin dəyişməsi bir çox insanda çəki artımı və ya azalmasına səbəb olur.
Medianews.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, düzgün nəticə əldə etmək üçün tərəziyə çıxma vaxtı xüsusi əhəmiyyət daşıyır.
İftardan əvvəl tərəziyə çıxmaq tövsiyə edilmir. Gün ərzində oruc səbəbindən bədəndə maye və mineral itkisi baş verir ki, bu da real çəki göstəricisini təhrif edə bilər.
Səhər imsakdan dərhal sonra çəki ölçmək də düzgün deyil. Həzm prosesi tamamlanmadığı və orqanizmdə maye çoxluğu olduğu üçün nəticə dəqiq olmur.
Ən uyğun vaxt – imsakdan təxminən 10–11 saat sonra tərəziyə çıxmaqdır. Bu zaman göstərici daha real hesab olunur.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, qadınların menstruasiya dövründə çəki ölçməsi də yanıltıcı nəticə verə bilər. Bu dövrdə orqanizmdə maye tutulması artdığı üçün tərəzi real göstəricini əks etdirmir. Diyeta saxlayan qadınlara menstruasiya bitdikdən 2-3 gün sonra çəki ölçmək tövsiyə olunur.
Həkimlər Ramazan boyunca balanslı qidalanma və çəkiyə nəzarət üçün müntəzəm, lakin düzgün vaxtda ölçüm aparmağı məsləhət görürlər.
Medianews.az