Medianews.az
Rasim də getdi, qovuşdu onlara:
64 baxış

Rasim də getdi, qovuşdu onlara: xoşbəxt adam idi...

Rasim Balayev Azərbaycan filminə öz üslubunu, öz şəxsiyyətini, öz yanaşmasını, öz ifasını gətirdi.

Medianews.az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru, xalq artisti Ramiz Həsənoğlu deyib.
“Əsl şəxsiyyətlər təkrarolunmazdır. Rasim Balayev öz şəxsiyyəti ilə Azərbaycan incəsənətinə, kinosuna yeni nəfəs gətirdi və o nəfəs ilə neçə-neçə nəsillər böyüdü, onun filmləri ilə zövq aldı”, - o bildirib.
Rejissor mərhum xalq artisti ilə çox yaxın olduqlarını, eyni dövrdə sənətə gəldiklərini qeyd edib:
“Rasim ilk addımlarını televiziyada şeir deməklə başlamışdı. Mən də o dövrlərdə AzTV-də rejissor köməkçisi idim, “Hər çinardan bir yarpaq” verilişini hazırlayırdım. O verilişlərə tez-tez Rasim Balayevi, Əliabbas Qədirovu, Mikayıl Mirzəni çağırırdıq. Onlar hamısı bir kursun tələbələri idi. Artıq Rasim də getdi, qovuşdu onlara, o kursdan kimsə qalmadı.
Rasim öz ifası ilə, görünüşü ilə diqqətləri cəlb edirdi və Rasimi “Nəsimi” filminin rejissoru Həsən Seyidbəyli ilk dəfə “Hər çinardan bir yarpaq” verilişində televiziyada görmüşdü. Müəyyən mənada televiziyanın Rasimin kinoda parlamasında, seçilməsində bir rolu oldu. Rasim bir naxış idi, o, Allahın sevdiyi bir bəndə idi. Hər kəs onu çox sevdi, ona oxşamağa çalışdı. Bir sənət adamı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Onun yaratdığı obrazları Rasimdən başqa kimsə oynaya bilməzdi. Rasim Balayev seçilmiş insan idi”.
Qeyd edək ki, Rasim Balayev 29 martda İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.(Bakupost.az)

Bizə qoşulun