“Renka”nın saxlanması və cərimələnməsi çox üzücüdür. Adamın qəlbində sitəm dolu sual doğur: “Xanımın himayəsində azyaşlı uşaq var, niyə belə edirsiniz?”.
Yayılan informasiyadan bəlli olur ki, hələ “Renka”nı o azyaşlıya bağışlayıblar, yoxsa tutacaqmışlar.
Bəs bu qadın nə edib? Heç nə. Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yayıb, pis sözlər danışıb, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsini pozub.
Həmin maddə internet resurslarında və ya informasiya-telekommunikasiya şəbəkəsində mənəviyyatı təhqir etməyi, cəmiyyətə açıqca hörmətsizlik göstərməyi qadağan edir.
Doğrusu, maraq güc gəldi, “Renka”nın konkret hansı əxlaqsız ifadələr işlətdiyinə, əxlaq normalarımıza, milli-mənəvi dəyərlərimizə hansı formada zidd şeylər danışdığına dair, özbək qardaşlar demişkən, bətəfsil bilgi almaq istədim.
Youtube-yə müraciət etdim (hər zir-zibil orda olur axı). Qarşıma rəqqasə “Renka”nın müğənni Kərimlə göbək rəqsi oynadığını əks etdirən video çıxdı. İnşallah, bu video milli-mənəvi dəyərlərimizə və əxlaq normalarımıza tam uyğundur. Allahdan, rəqqasə xanım fırlananda “yel vurdu rübəndi atdı üzündən” hadisəsi epizodik olurdu.
Daha sonra “Renka” adlı bir müğənni xanımın da videosu göründü. Əslində onun geyimi milli mənəvi dəyərlərimizin ölçüsünə uyğun deyildi, mini-mini idi, amma xanım pis sözlər danışmırdı, eləcə səfeh sözləri olan bir mahnı oxuyurdu.
Amma bu “Renka”ların o “Renka”ya, yəni cərimələnən qadına dəxli varmı? Üzdən oxşayırlar, amma hiss olunur ki, fərqli qadınlardır. Rəqqasə “Renka” heç olmasa yaxşı oynayır (“Kasablanka” adlı bir rəqsi də var), o biri də oxuyur. Bu birisi isə gözəl siması olmasına baxmayaraq, eləcə biədəb şeylər danışırmış.
Yaxşı olardı ki, xanımı cərimələyənlər informasiyaya link də əlavə edərdilər, açıb baxar, qiymət verərdik ki, o, milli-mənəvi dəyərlərimizi nə dərəcədə zədələyib, bizə qarşı nə kimi hörmətsizlik edib.
Son vaxtlar internet resurslarında biədəb şeylər danışan, qurşaqdan aşağı söhbətlər edənlər çoxalıb, paylaşılan videolara baxıb çatdırmaq olmur.
Elə adamlar var ki, belə şeylərdən qidalanır, iyləyib-çüyləyir, harada söyüşlə danışan biri varsa, onun videosunu tapır, izləyir, məmnun qalır.
Adam da var ki, ziyalıdır, incə qəlbi ədəbsiz danışıqları götürmür, belə şeylər qarşısına qəfildən çıxsa da, 5 saniyədən sonra başını bulaya-bulaya linkii bağlayır, hələ paylaşan adamı da bloka salır ki, gözü bir daha elə şeylər görməsin.
Zırıltı bir deqradasiya prosesi gedib cəmiyyətdə. Təkcə bizim cəmiyyətdə yox ha, dünyanın çox ölkələrində belədir. Hamı qırışır. Tramp Obamanın şəklini meymuna montaj edib yaymamışdımı?
Biz 30 il əvvəlki “üzr istəyirəm, bəy, sizin fikrinizlə razı deyiləm” ritorikasından “tutub ağzını cıraram, dəyyus gədə” xitabına qədər uzun və məşəqqətli yol keçmişik. Ağzını açan bir-birinə “fahişə”, “peysər” deyir. Belə müraciətlər normaya çevrilib artıq.
Oxumuş adamlar deyir ki, bu, psixoloji və mənəvi terror mühitidir. Abırlı adamlar ictimai yerlərdə danışmaqdan qorxurlar ki, kimsə götürüb onların sözlərini paylaşacaq və haqq-nahaq söydürəcəklər.
İllərin təcrübəsi deyir ki, bu trendin bir zibili çıxacaq. Bir də görəcəyik ki, ədəbsiz şeylər danışanları “Renka”nın gününə qoyurlar, içəri aparıb cərimələyirlər. Hələ iş cərimə ilə qurtarsa yaxşıdır, bu iş üstdə tutulanlar da olacaq. “Nə üstdə yatırsan, qardaş?” “Heç nə canlı yayım açmışdım, bir az sərt danışdım, tutub saldılar içəri”. “Sərt danışdım” deyəcək, deməyəcək ki, adamda var-yox qoymayıb.
Ola bilər, hüquq müdafiəçiləri də ayağa qalxacaqlar ki, bu, söz və ifadə azadlığının pozulmasıdır. Hərçənd azadlıq haqqında məşhur ifadəni perefraz edərək deyə bilərik ki, birinin var-yoxunun toxunulmazlğının sərhədi o birinin var-yoxunun toxunulmazlığı başlayan yerdə bitir.
Yəni “renka”lar gərək indən belə pis şeylər danışmasınlar. O biri ağırsözlülər də ehtiyatlı olmalıdırlar. “Renka”nın cərimələnməsi presedentdir.
P.S. “Renka”ların dünyasıdır, çox şeyləri ürəyimizə salmayaq.
Samir SARI