Medianews.az
Rəqəmplov qonaqlığı
135 baxış

Rəqəmplov qonaqlığı davam edir

“Qurdlu paxlanın kor alıcısı olar”

(Azərbaycan ata sözü)

Bayram yaxınlaşdığı üçünmü, ya da hansısa səbəbdən sayın deputatlarımız iclasa toplaşıb, uca millətimizə çoxlu rəqəmlər bağışlamışdır. Buna görə Füzuli rayon mədəniyyət evinin kollektivi adından dərin minnətdarlığımızı bildiririk.

Adətən bayram olanda başqa ölkələrdə camaata pul, sovqat, hədiyyə verilir, bizim deputatlar da rəqəm və ədəd paylayır. “150 sənin, 500 onun, üçdə biri al, beşdə dördü götür”...

Maşallah, rəqəm bolluğudur. Hər il olduğu kimi, bu il də rəqəm və ədədləri qaynadıb yeyəcəyik. Ötən illərin təcrübəsi göstərir ki, ÜDM-in artım faizi ədədini aşın altına qoyanda qəşəng qazmaq alınır. İşsizliyin azalması faizini kabab çəkirsən, bu zaman faiz işarəsinin ortasındakı əyri çubuq şiş rolunu oynayır, balaca sıfırcıqlar isə tikə əvəzinə işlədilir. 100-dəki sıfırlardan qayğanaq, 33 və 88-dən meyvə salatı, Pi ədədindən əla “Üç bacı” dolması çıxır və sairə. “555 faiz artım” ədədindəki 5-ləri böyrü üstə uzadıb, yaxşıca unlayıb tavada balıq kimi qızardırsan, uşaqların gözü açılır.

Qabaqkı illərdə bu cür rəqəm istehsalında yerli icra hakimiyyəti orqanları fərqlənirdi. Hər bir rayon çalışırdı daha çox rəqəm buraxsın. Lakin son dövrlər rayon icra hakimiyyətlərində kütləvi ixtisar başlayıb. Elə rayon var 45 nəfəri birdən işdən atırlar. Təxmini hesablamalarıma görə artıq 1000 nəfərə yaxın kənd icra nümayəndəsinin müavini, icra nümayəndəliyində mühasib, məsləhətçi kimi işlərdə çalışanlar işsiz qalıblar. Bəs bu adamlar bayram günlərində nə yeyib-içəcəkdir? Axı onlar müxalifətçilər kimi qazamatda 60 gün aclıq aksiyası keçirməyə öyrəşməyibdir. O cümlədən, rəqəmləri toplayanlar azaldıqda rəqəmlərimizin çöllüklərdə tökülüb qalması, rəqəm istehsalında azalma labüd və qaçılmaz görünməkdədir.

İclasda deputat yoldaşlardan Vüqar müəllim Bayramov aktivliyi ilə seçilmişdir. O, növbəyə yazılaraq spikerdən söz almış, bəyan etmişdir: “Əlilliyi olan övladlığa götürülən uşaqların sayı 40 faiz artıb”.

Əhsən. Deməli əlillərə dövlət qayğısı salamat adamlara olan qədərdir. Lakin sayın deputatın oxu atıb, yayı gizlətməyi, faizi deyib, sayı göstərməməyi bir az şübhə doğurur. İstər-istəməz sual yaranır ki, görəsən 2024-cü ildə neçə əlil uşaq övladlığa götürülüb və 2025-də neçə uşaq, nəticədə 40 faiz artım yaranıbdır?

Pis çıxmasın, adətən bu cür “faiz artımı” söhbətləri yumşaq yazsam, spekulyasiyanın bir üsuludur. Məsələn, əgər hansısa deputatın bağındakı ağac keçən il 1 fındıq gətiribsə, bu il fındıq sayı 2 olubsa, buna nə qədər artım demək olar? Ay sağ ol: 100 faiz. Təbii ki, bunu 2 fındıq deyəndə az görünür, 100 faiz deyəndə çox.

Təəssüf ki, açıq mənbələrdə övladlığa götürülən əlil uşaqların sayı yoxdur. Ancaq ümumi say var və ona əsasən müəyyən nəticə çıxarmaq olar. 2025-ci ildə cəmi 149 uşaq övladlığa götürülüb. Bu çoxdurmu, azdırmı, özünüz qənaətə gəlin: Azərbaycanda internatlarda saxlanan, valideyn himayəsindən məhrum uşaqların ümumi sayı 10 min nəfərdən çoxdur.

Mənim fikrimcə, 149 uşaq dəryada damladır. Ta bu “damlanın” içində neçəsi əlil uşaq olub, onu düşünmək heç lazım deyil. Əlil uşağı övladlığa götürəndə verilən aylıq müavinət 850 manatdan 1270 manatacan dəyişir (əlillik dərəcəsinə görə), lakin bu pul belə sayı artırmayıb.

Ümumiyyətlə, övladlığa götürmədə böyük azalma var. 2005-ci ildə 803 uşağı götürmüşdülər. Təklif edirəm Vüqar müəllim boş vaxtı olanda 2025-ci ildəki 149 uşağın 2005-dəki 803 uşağa nisbətdə neçə faiz azalma olduğunu da hesablasın, gələn iclasda danışsın.

Keçən həftə bu uşaq-muşaq temasında baş nazirin müavini, qocaman YAP-çı Əli Əhmədov da danışmışdı. Deyir illik uşaq doğumu son 10 ildə 60 min azalıb. Nəticədə məktəblər boş qalacaqmış, müəllimlər də işsiz.

Əlbəttə. Camaat özünü saxlaya bilmir, uşağı necə saxlasın? Hamının başı uşaq pulu yeməyə qarışıb, uşaq əkməyə vaxt qalmır. Təklif edirəm uşaq pulu azaldılsın.

Bir də işıqları tez-tez söndürmək lazımdır. Uşaq işığa yox, qaranlığa gəlir.

Zamin HACI 

Bizə qoşulun