Medianews.az
Rəqəmsal platformalarda qanunsuz reklamlar -
210 baxış

Rəqəmsal platformalarda qanunsuz reklamlar - Bir neçə iş məhkəməyə göndərilib

Aprelin 22-dən “Reklam haqqında” qanun dəyişib. Qanuna “rəqəmsal platforma təsirçisi” anlayışı əlavə edilib və onlar reklam subyekti kimi tanınıb. Beləliklə, rəqəmsal platforma təsirçilərinin, başqa sözlə desək, influenserlərin, bloqçuların sosial media hesablarından etdiyi reklamlarla bağlı yeni tələblər qüvvəyə minib və bu tələblərə əməl etməyənlərə qarşı ciddi cərimələr nəzərdə tutulub.

“Reklam haqqında” qanuna əsasən, ölkədə açıq məkanda reklam istisna olmaqla, reklam fəaliyyətinə dövlət nəzarətini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Aprelin 22-dən bəri rəqəmsal platforma təsirçilərinin qanunun tələblərini pozması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə neçə müraciət daxil olub? Həmin müraciətlərlə əlaqədar hansı tədbirlər görülüb?

Medianews.az saytı bu suallarla agentliyə sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, ötən dövr ərzində “Reklam haqqında” qanunun tələblərinin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 5 müraciət daxil olub:

“Müraciətlərdən 2-si qanuna müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.

1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib.

2 müraciət üzrə görülən tədbirlər nəticəsində qanunsuz reklam yayımı dayandırılıb və müvafiq göstəriş verilib”.

Sorğuya cavabda o da vurğulanıb ki, bu 5 müraciətdən başqa rəqəmsal platforma təsirçilərinin qumar və mərc oyunlarının reklamını həyata keçirməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 2 müraciət də daxil olub: “Həmin müraciətlər əsasında 5 rəqəmsal platforma təsirçisi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi üzrə inzibati protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə göndərilib”.

Medianews.az qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 7 min manat məbləğində, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir.

Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Lamiyə,
Medianews.az

Bizə qoşulun