Fevralın 3-nə keçən gecə Rusiya ilin əvvəlindən bəri Ukraynanın enerji sisteminə ən güclü zərbəni endirib.
APA xəbər verir ki, bu barədə Donbas İstili Enerji Şirkətinin (DTEK) “Telegram” kanalında bildirilib.
Məlumata görə, kütləvi zərbələr nəticəsində Ukraynanın xeyli sayda enerji istehsalı və paylanması obyektləri zərər görüb, ölkə üzrə enerji sistemi ciddi məhdudiyyətlərlə işləyir.
"Hücumlar Kiyev, Xarkov və Dneprdə İstilik Elektrik Mərkəzlərinə və İstilik Elektrik Stansiyalarına edilib. Həmçinin, şirkətin Odessa bölgəsindəki obyektlərinə də raket və dronlarla zərbə endirilib”, - şirkətin məlumatında qeyd edilib.
Rusiya tərəfindən edilən bu hücum nəticəsində on minlərlə insan işıqsız qalıb.
DTEK, həmçinin xatırladır ki, Rusiyanın növbəti hücumu nəticəsində Kiyev şəhərinin sol sahilində, xüsusilə Dneprovski və Darnitski rayonlarında elektrik təchizatı kəsilib, şəhərin sağ sahilində isə işığın verilməsində qrafiklər tətbiq olunur.