Bu ilin əvvəli Rusiya hərbçiləri əcnəbiləri Ukraynada döyüşməyə cəlb etməklə məşğul olan qruplara “qara siyahı” təqdim ediblər. Siyahıda adı olan ölkələrdən əsgər cəlb etməyi dayandırmaq tapşırılıb. Medianews.az bildirir ki, bunu “Vajnıye istorii” internet nəşri yazıb.
Jurnalist araşdırmaları üzrə ixtisaslaşan “Vajnıye istorii” nəşrini Rusiyadan mühacirət etmiş media nümayəndələri yaradıb. Onlar nəşri Latviyada qeydiyyatdan keçiriblər. “Vajnıye istorii” rus dilində fəaliyyət göstərir.
Medianews.az-ın məlumatına görə, nəşr yazır ki, sözügedən siyahı əsasən Rusiyanın dostu hesab edilən ölkələrdən ibarətdir. Ümumilikdə siyahıda 36 ölkənin (Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Türkiyə, Kuba, Əfqanıstan, İran, Venesuela, Keniya, Mozambik, Namibiya, Nigeriya və sair) adı olduğu vurğulanır.
Bu yaxınlarda Britaniyanın “Teleqraf” (The Telegraph) qəzeti yazmışdı ki, Ukraynada total müharibəyə başlayandan 2025-ci ilin sonunadək Rusiya Afrika, Asiya və Latın Amerikası ölkələrindən 18 min nəfərə qədər əcnəbini müqavilə əsasında orduya cəlb edib, onlardan ən azı 3300 nəfəri həlak olub.
“Vajnıye istorii” nəşri Rusiya ordusuna 36 ölkədən əcnəbilərin cəlb olunmasını yasaqlayan qərarı hansı səviyyədə, kimlərin qəbul etdiyini hələ dəqiqləşdirə bilmədiyini xəbər verir.