Medianews.az
Rusiyada erməni qalmaqalı -
192 baxış

Rusiyada erməni qalmaqalı - Sosial şəbəkə və yazıçılar etiraza qalxır

Kremlin alovlu təbliğatçısı, Rusiyanın RT kanalının baş redaktoru Marqarita Simonyanla bağlı yeni qalmaqal ortaya çıxıb.

Medianews.az bildirir ki, hazırda Rusiyada “Böyük kitab” milli ədəbi mükafatına təqdim olunmuş əsərlərin seçimi gedir.

Simonyan müəllifi olduğu “Əzəl başdan Söz idi – axırda Rəqəm olacaq” adlı antiutopik romanını da bu müsabiqəyə təqdim edib.

Aprelin 22-də ekspertlər şurası bədii nəsr nominasiyasında 29 əsərin növbəti seçim mərhələsinə keçdiyini elan edib. Siyahını TASS agentliyinin mətbuat mərkəzində keçirilən tədbirdə şuranın sədri, yazıçı Andrey Astvatsaturov səsləndirib. Eyni zamanda siyahı TASS-ın saytında və “Kommersant” qəzetində dərc olunub.

Lakin sonradan müsabiqənin rəsmi saytında və teleqram kanalında bədii nəsr nominasiyası üzrə 30 namizədin yer aldığı bir siyahı yerləşdirilib. Teleqramdakı paylaşımda siyahının redaktə edildiyi də qeyd olunub.

Yenilənmiş siyahıda yazıçı Andrey Stolyarovun əsərinin yerinə Marqarita Simonyanın romanı daxil edilib və o, 25-ci sırada göstərilib.

Aprelin 23-də müsabiqənin rəhbəri Tatyana Voskovskayanın adından yayılan açıqlamada hadisə “son dərəcə xoşagəlməz səhv” kimi izah olunub. Bildirilib ki, Simonyanın kitabı əslində əvvəlcədən siyahıda olub, lakin mətbuat konfransına hazırlıq zamanı texniki yanlışlıq nəticəsində siyahıya düşməyib.

Bəs görəsən nə səbəbə siyahı mediada dərc olunanda təşkilatçılar orada səhvə yol verildiyini jurnalistlərə deməyiblər, sonradan səssizcə müsabiqənin rəsmi saytında siyahını dəyişiblər? Rusiyanın sosial şəbəkələrində sürətlə dövr edən bu suala təşkilatçılardan cavab gəlməyib. 

Artıq Rusiyanın bir sıra yazıçıları Simonyanın adının sonradan siyahıya salınmasına sərt etiraz bildirməyə başlayıblar. 

“Böyük kitab” mükafatı 2005-ci ildə təsis edilib və rus dilində yazılmış ən yaxşı bədii və sənədli nəsr əsərlərinin müəlliflərini mükafatlandırmaq məqsədi daşıyır.

Medianews.az

Bizə qoşulun