Rusiya Ermənistandan gətirilən mineral suyun satışına qadağa qoyub.
Medianews.az xəbər verir ki, Rusiya dövlətinə məxsus “Çestnıy znak” markalama sistemi Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun müəyyən partiyasının həm fiziki, həm də onlayn mağazalarda satışını müvəqqəti dayandırıb.
Bu barədə Markalama Sisteminin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revez Yusupov RBK-ya bildirib.
Onun sözlərinə görə, dövriyyədə olan təxminən 338 min şüşəlik məhsul yoxlama başa çatana qədər satışdan çıxarılıb.
“Rospotrebnadzor”un məktubunda qeyd olunur ki, vətəndaşların həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.
Məhdudiyyətə səbəb kimi “məcburi tələblərin pozulması” göstərilir.
Qeyd olunur ki, qadağa 17 fevral və 5 mart 2026-cı il tarixlərində istehsal olunmuş məhsullara şamil edilir.//KONKRET.az