Medianews.az
“Sabah”a 3 xal, “Qarabağ”a möcüzə
127 baxış

“Sabah”a 3 xal, “Qarabağ”a möcüzə

Azərbaycanın milli futbol çempionatının yüksək dəstəsində (premyer liqa) 2025-2026 mövsümünün sonuna 4 tur qalır.

Medianews.az bildirir ki, 72 xalla önə çıxan “Sabah”a ilk çempionluq üçün daha 3 xal bəsdir. 59 xal toplayan, bir oyun az keçirmiş “Qarabağ” qızıl medallar üçün yalnız möcüzəyə ümid edə bilər.

İlk beşlikdə “Turan Tovuz” (56 xal), “Zirə” (46 xal), “Neftçi” (44 xal) komandaları da yer alır. “Neftçi”nin ehtiyatda bir oyunu var.

“Araz-Naxçıvan” 40, “Sumqayıt” 38, “Şamaxı” 35, “İmişli” 29, “Kəpəz” 21, “Qəbələ” 20, “Karvan-Yevlax” 14 xal toplayıb.

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün ilkin sxeminə görə, Azərbaycan çempionu Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibi Avropa Liqasına birinci mərhələdən, bürünc medalçı Konfrans Liqasına birinci, gümüş medalçı ikinci mərhələdən başlayacaq.

Azərbaycan kubokunun 2025-2026 mövsümünün finalına “Sabah” və “Zirə” yüksəlib. Çempionluğa yaxın “Sabah” həm də kubok sahibi olsa, Avropa Liqasında ölkəni gümüş medalçı təmsil edəcək. Bu halda çempionatı dördüncü pillədə başa vurmuş komanda da bürünc medalçı ilə yanaşı Konfrans Liqasında yarışacaq.

Sonuncu pilləni tutan komanda premyer liqanı tərk edəcək, sondan əvvəlki yerin sahibi aşağı liqanın ikincisi ilə üz-üzə gəlib premyer liqada qalmağa çalışacaq.

İki və daha artıq komandanın xalları bərabər olarsa, bu göstəricilərə baxılacaq: qələbə sayı; top fərqi; top sayı; komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr). Bu göstəricilər bərabər olsa, qalibi püşk müəyyən edəcək.

1992-ci ildən başlayaraq “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə ölkə çempionu olub.

Medianews.az

Bizə qoşulun