Böyük Britaniyada keçmiş polis əməkdaşı Maykl Harvi sevgilisini şantaj etdiyi üçün iki il müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az xəbər verir ki, Harvi qadınla ilə 2012-ci ilin may ayında supermarketdə tanış olub.
Qadına qarşı həddindən artıq maraq göstərən polis məmuru onu izləyib, avtomobilinin nömrəsini əzbərləyib və hətta polis məlumat bazasından onun ailə vəziyyətini yoxlayıb. Daha sonra onunla münasibət qurub.
Zərərçəkmişin sözlərinə görə, Harvi evli olsa da, həyat yoldaşı ilə uzun müddətdir danışmadığını iddia edib. O, münasibətlərini gizli saxlamağa çalışıb, sosial şəbəkələrdə birgə fotolar paylaşmağa icazə verməyib və qadını nə uşaqları, nə də qohumları ilə tanış edib. Bir müddət sonra isə onu təhqir etməyə başlayıb.
Davranışlarına bəhanə olaraq xərçəng xəstəliyinə tutulduğunu deyən Harvi, həmçinin uşaqlıqda cinsi zorakılığa məruz qaldığını iddia edib. İstintaq zamanı məlum olub ki, bu iddialar həqiqətə uyğun olmayıb.
Harvi sonradan qadını və uşaqlarını aldadaraq onun evinə köçüb. Qadın onu evdən çıxarmağa çalışdıqda isə keçmiş polis intiharla hədələyib və içki içməyə başlayıb. O, bütün bunları guya psixoloji problemləri ilə əlaqələndirib.
Zərərçəkmiş yalnız 2016-cı ilin iyul ayında Harvini evdən uzaqlaşdıra bilib. Buna baxmayaraq, o, bir müddət telefon zəngləri ilə qadını narahat etməyə davam edib. Qadın hadisə barədə yalnız 2022-ci ildə hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmənin qərarı ilə Maykl Harvi iki il müddətinə azadlıqdan məhrum edilib.
Medianews.az
