Medianews.az
Sevilməyən iş zehni sağlamlığı məhv etməsin –
61 baxış

Sevilməyən iş zehni sağlamlığı məhv etməsin – Ekspertdən 5 tövsiyə

Sevilməyən bir işdə çalışmaq bir çox insan üçün qaçılmaz reallıqdır. Lakin mütəxəssislər bildirirlər ki, belə şəraitdə belə zehni sağlamlığı qorumaq mümkündür.

Medianews.az xəbər verir ki, korporativ kouç Renata Rivetti hər hansı səbəbdən işindən ayrıla bilməyənlər üçün zehni sağlamlıq problemlərinin qarşısını almağa kömək edəcək beş vacib məsləhət verib.

Rivettinin sözlərinə görə, ilk növbədə diqqəti yalnız ən çox səy və enerji tələb edən əsas tapşırıqlara yönəltmək lazımdır. Digər məsuliyyətləri isə mümkün olduqda başqalarına həvalə etmək olar.

Ekspert ikinci vacib məqam kimi sərhədlərin müəyyən edilməsini göstərib. O vurğulayıb ki, iş saatlarından kənar mesaj və e-poçtlara cavab verməmək, əlverişsiz vaxtlarda planlaşdırılan görüşlərdən imtina etmək və gün ərzində qısa fasilələr vermək enerjinin qorunması üçün olduqca vacibdir.

Üçüncü tövsiyə isə kiçik detallarda məna tapmaqdır. Rivetti bildirib ki, iş həyatın əsas məqsədi olmasa da, onun vasitəsilə hansı bacarıqların inkişaf etdirildiyini və görülən işin başqalarına necə fayda verdiyini anlamaq daxili boşluq hissini azalda bilər.

Dördüncü olaraq, sosial dəstəyin əhəmiyyətinə diqqət çəkən kouç ən azı iki-üç həmkarla müsbət münasibət qurmağı tövsiyə edib. Onun fikrincə, iş mühitində sağlam ünsiyyət psixoloji dayanıqlığı artırır.

Beşinci və sonuncu məsləhət isə iş gününün bitdiyini bildirən bir ritual formalaşdırmaqdır. Məsələn, ofisdən çıxmazdan əvvəl qısa minnətdarlıq qeydi yazmaq mümkündür. “Bu, özünüzə diqqət yetirməyə və istirahət rejiminə keçməyə başlamağınız üçün vacib siqnaldır”, – deyə Rivetti qeyd edib.

Mütəxəssisin sözlərinə görə, sadə görünən bu addımlar uzunmüddətli perspektivdə zehni sağlamlığın qorunmasına ciddi töhfə verə bilər.

Medianews.az

Bizə qoşulun