Medianews.az
Simonyandan sensasion Azərbaycan ETİRAFI –
55 baxış

Simonyandan sensasion Azərbaycan ETİRAFI – Ermənistandan alacağımız İLK məhsul...

“Azərbaycanın işgüzar dairələri Ermənistan istehsalı olan alüminium folqa idxalına xüsusi maraq göstərir”.

Bunu qonşu ölkənin iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan tərəfindən texniki spesifikasiyalarla bağlı xüsusi sorğu daxil olub.

“Sorğuda folqanın qalınlığı və keyfiyyəti, eləcə də həcmləri və çatdırılma tarixləri daxil olmaqla məhsul parametrləri göstərilib. İstehsalçımız həcmi, qiyməti və çatdırılma tarixlərini dəqiqləşdirib, lakin hələ cavab almamışıq”, - Papoyan əlavə edib...

Bəllidir ki, Azərbaycan barışıq prosesi çərçivəsində Ermənistana artıq bir sıra məhsullar göndərsə də indiyədək özü oradan heç nə idxal eləməyib. Alüminium folqa bu xüsusda ilk ola bilər. Əlbəttə, çox şeyi bazar və biznes şərtləri tənzimləyir, ancaq bütün hallarda müharibədən təzə çıxmış iki qonşu arasında ticari əməkdaşlığın genişlənməsi həm də siyasi, hətta geosiyasi anlam daşıyır. Çünki bu, qarşılıqlı etimad atmosferinin yaxşılaşmasına və düşmənçilik səhifəsinin bağlanmasına aparır.

Bu da ən çox Rusiyanın imperiya maraqlarına uyğun gəlmir. Moskvadan sülhlə bağlı formal dəstək bəyanatları səslənsə də, gerçək belədir ki, Kreml Bakı və İrəvan arasında onun vasitəçiliyi olmadan sülh prosesinin bunca surətlə getməsini gözləmirmiş.

Təsadüfi deyil ki, Vladimir Putin daxil, Rusiya rəhbərliyi hələ də Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi sayan Praqa sənədini (2022, oktyabr) imzalamasını ona bağışlaya bilmir. Ona görə ki, Moskva “Qarabağ kartı” ilə hələ uzun müddət iki ölkəni öz nəzarətində saxlamağı zənn edirdi. Putin aprelin 1-də Kremldə Paşinyanla görüşdə “Qarabağ mövzusuna” təzədən toxunmaqla köhnə niyyəti büruzə vermiş oldu...

Yaxşı ki, rəsmi İrəvan enində-sonunda, özəlliklə “Dəmir yumruq”dan sona Rusiyanın bu kələyini artıq yaxşı anlayır. Hər necə olmasa, erməni baş nazirin Putinə incə şəkildə etiraz edərək, “Bakı və İrəvan artıq bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıb, biz sülh prosesi içindəyilk” söyləməsi özlüyündə az şey demir. Bunu Kreml başçısı üçün “soyuq duş” effekti dı saymaq olar.

Odur ki, Putinin 1 aprel görüşündən, daha dəqiqi, Paşinyandan məmnun qalmadığını əminliklə söyləmək mümkündür. Onsuz da narazılıq ciddi idi. Nəzərə alsaq ki, Kreml və onun Ermənistandakı satellitləri, o sırada proksi-qüvvələr vurulmuş “Qarabağ kartı”ndan qarşıdakı parlament seçkilərində gen-bol istifadə edib Nikol Paşinyanı “milli satqın” kimi gözdən salmağa çalışacaqlar, o zaman Putinin destruktiv “Qarabağ ritorikası” ilə kimin “dəyirmanına” su tökdüyü aydın olar...

Əlbəttə, Rusiyanın Ermənistana təzyiq alətləri qalır. Onlardan biri də satılan təbii qazın qiyməti ilə bağlıdır. Ancaq bahalaşma Moskvaya baha başa gələ, əks-effekt yarada bilər. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, əgər Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq. Bununla belə, o, ümid edib ki, vəziyyət o həddə çatmayacaq.

Simonyan, həmçinin, Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Azərbaycan olduğunu vurğulayıb. Əlavə edib ki, müxtəlif qüvvələr iki qonşu ölkəni yenidən hərbi qarşıdurmaya cəlb etməyə çalışır. Yəni ki, Ermənistanı əsas təhlükəsizlik təminatçısından məhrum eləmək istəyirlər.

Onların kimliyi, sırası çoxdan məlum. Rusiya SSRİ dağılandan həmin qüvvələrə “stavka” edib və edəcək. Əgər erməni xalqı həqiqətən yeni müharibə arzulamırsa, iyunun 7-də onlara və onların timsalında Rusiyaya layiq olduğu yeri göstərməlidir. Paşinyan haqlı: hərb, yoxsa sülh seçimi elə budur...

Z. SƏFƏROĞLU

Bizə qoşulun