Medianews.az
Şişmiş zəlinin iynəsinin vurulması
67 baxış

Şişmiş zəlinin iynəsinin vurulması

Heç bilmirəm son 30 ildə bu mövzuda neçə yüz dəfə yazmışam. Əlimdə dəqiq rəqəm yoxdur. Bircə orası dəqiqdir ki, korrupsiya və talançılıq məsələsi çox yoğun məsələdir – yazmaqla düzələn deyil. Necə ki heç tutmaqla da düzəlmir.

Budur, yenə ilişənlər var, sərvətləri açıqlanır, adam məəttəl qalır. Çox-çox və tez-tez “mən daha bu ölkədə heç nəyə təəccüblənmirəm” deyənlərdən fərqli olaraq, vallah, mən hər dəfə təəccüblənirəm – insan oğlunun acgözlüyünə, qorxusuzluğuna, əbədi yaşayacağına inanmasına, “gözü çıxan qardaşlar”ın taleyindən ibrət götürməməsinə və s.

Baxırsan, birisi 1000 il xərcləsə, yığdığı pul qurtarmaz, amma ikinci minillik üçün də nəsə qamarlayır, elə hey sərvət toplayır: orda bir villa alır, burda birini tikdirir, yetmir, xoşuna gələn ölkələrdə malikanələr tədarük edir. Hələ lüks avtomobillərdən ibarət qaraj düzəldənlər var, sanasan, əlləri aşağı olanda taksi-motor parkı işlədəcək, “Maybax”la, “Lambargini” ilə sərnişin daşıyacaqlar.

Amma deyir, sən saydığını say, gör, fələyin kalkulyatoru nə sayır. Dövran da dəyişir, toplayanların yeri də, toplananlar da, cəm də. Məlum olur ki, adam indiyədək yığdıqlarını başqaları üçün, ən azı dövlət nəfinə müsadirə olunmaqdan ötrü yığırmış.

Bax, məsələnin sırf burası təəccüblüdür. Yığıcıların öz aqibətlərini bilməməsi.

Düzü, bir gömrük məmurunun 15 hektarın içində saraylar və sair tikililərdən ibarət yaşayış kompleksi inşa etdirməsinə heyrətləndim. Xüsusilə də 15 hektarlıq sahəyə. Bu, Türkiyədəki Beştəpə köşküdür, Putinin Gelencikdəki iqamətgahıdır, nədir?

Şəhər adamları 15 hektarın real ölçüsünü bilməzlər, onlarınkı sotdur, 2-3 (ən çoxu – 5-6) sot torpaq sahəsi onlara gen-bol bəsdir. 15 hektar isə o deməkdir ki, həmin sahənin uzunluğu 1 kilometrdir, eni 500 metr. Çində 15 hektar sahədə binalar tikir, 100 min adam yerləşdirirlər. Yəni 15 ha sahə balaca yer deyil.

Tanış ustalar danışırdı ki, Mərdəkan tərəfdə Ziya müəllimin özünün və övladlarının yan-yana həyətyanı sahələri və içində hovuzlu villaları vardı, qonaq gələndə mühafizəçilər darvazanın qapını açıb gələnləri qarşılamaq üçün maşınla gedirdilər. Piyada 10-15 dəqiqəlik yol imiş.

Ustaların dediyinə şəkk eləmirəm, amma ta bilmirəm 14-15 il qabaq Elmin Bədəlov və Anar Gəraylı adlı jurnalistləri həmin villanın hasarının üstündən düşürdüb çırpmışdılar, yoxsa onlar müəllimin başqa villasında şəkil çəkərkən tutulmuşdular. Elmin ondan sonra ta jurnalist ola bilmədi, aktyor oldu, teatr yaratdı.

Bir dəfə başqa ustalar milyonluq villasında 100 min manatlıq hovuz tikdirən, təkcə hovuzun dibinə metlaxdan delfin şəkli yığdırıb 30 min verən adam haqqında danışdılar. Sadəcə, o adamın elə də böyük vəzifəsi yox idi, Mahmudovun vaxtında MTN-in hansıa idarəsinin şöbə müdiriydi. MTN ləğv ediləndə onu sayıb Mövlam müəllimlə cənab Çovdarovun yanına salmadılar, eləcə işdən çıxardılar ki, bunun əti nədir, budu nə.

Siz arada ustaları danışdırın, namxuda, çox şey bilirlər, sıralarında ağzıbütövləri də var, amma çoxu oliqarxların və yumurtadan yun qırxanların villasında işləmələrindən həvəslə danışır və bununla qürur duyur, bir az da öz piarlarını aparırlar.

Obrazlı desək, varidat toplaya-toplaya şişənləri zəlilərə bənzətmək olar. El arasında onlara sülüklər də deyirlər, amma latınca hirudinea adlanırlar. Onlar da qan sora-sora şişməyi sevirlər, amma axırları yaxşı olmur. Axırda üstlərinə duz tökür və ya iynə batırıb partladırlar, məsələ bitir.

İnsan-zəlilərin hirudinealardan fərqi odur ki, xalqın, dövlətin sərvətini soranların şişmə limiti məhdud deyil, şişdikcə şişə bilirlər. Dəyməsələr, daha çox şişərlər. Amma bir gün onların da iynəsini vururlar. Vurmasalar, onlarda mutasiya prosesi gedər, piton ilanına, Nil timsahına dönərlər və çox şeyi, Tarkan demişkən, “hüüp” deyib içlərinə çəkərlər.

Biz elə bir coğrafiyada yaşayarıq ki, bu regionda gərək mamır olub qayada bitəni də, məmur olub kresloya yapışanı da nəzarətsiz qoymayasan.

Odur, Rusiyada bir Çubays vardı, adına “tülkü Çubays” deyirdilər, Ukrayna ilə müharibə başlayanda yığdıqlarını da götürüb aradan çıxdı, amma daşınmaz əmlakları qalmışdı, dünən onları müsadirə ediblər. Amma bu, onun vecinədirmi? Yəqin ki, yox. Atalar deyib ki, yüz il vətəndə “zon”da yaşamaqdansa, 5-6 il Şengen zonasında yaşamaq yaxşıdır. Adamın 1000 il xərcləsə qurtarmayacaq qədər pulu var, lazım gəlsə, 3025-ci ildə də xərcləməyə pulu olacaq.

Məsələn, yazıq Cahangir Hacıyev 10 ildir türmədədir, amma ömür-gün yoldaşı Londonda hələ də butiklərdə yüz min funtluq alış-verişlər edir.

Bizə qoşulun