m10 ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır. Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə, milyardlarla manatlıq dövriyyədən gedir.
Bugünlərdə məlumat verildi ki, Mərkəzi Bankda fintex rəhbərləri ilə görüş keçirilib. Güman ki, baş verənlər orada da müzakirə predmeti olub.
Hələlik Mərkəzi Bank bununla bağlı açıqlama verməyib.
Görünən odur ki, elektron pul və fintex sektorunda problemlər hələ də qalır.
m10-nun, PashaPay-in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki bu siyahı qapalıdır. Amma istənilən halda ortada böyük miqyaslı kiber insident var. Bu, istər DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də DİN-in Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olmasından asılı olmayaraq çox ciddi hadisəsidir.
Bir məqam da xüsusi diqqət çəkir.
Bank sektorunda kiber fırıldaqlar mövzusunda əvvəllər də qeyd etmişdim ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yaradır.
Maraqlıdır ki, m10-un "söykəndiyi" “Kapitalbank”da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir.
Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil.
Yəni absurd vəziyyətdir, yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, yoxlanılana rəhbərlik edən isə əcnəbi ola bilər.
Ümid edirəm ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv araşdırılır.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
