Medianews.az
Sosial mediaya yeni qayda:
79 baxış

Sosial mediaya yeni qayda: 48 saatlıq tələb

Böyük Britaniya hökuməti qadın və qızların qorunması məqsədilə qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır. Yeni təşəbbüsə əsasən, texnologiya platformaları şəxsin razılığı olmadan yayılan intim görüntüləri müraciətdən sonra 48 saat ərzində silməyə məcbur ediləcək.

Medianews.az xəbər verir ki, rəsmi açıqlamaya görə, tələblərə əməl etməyən şirkətlər illik gəlirlərinin 10 faizinə qədər cərimə oluna və ya ölkə ərazisində fəaliyyətləri məhdudlaşdırıla bilər.

Dəyişikliyə əsasən, zərərçəkən şəxs görüntünün silinməsi üçün yalnız bir dəfə müraciət edəcək. Bildirişdən sonra həmin material bir neçə platformadan eyni vaxtda silinəcək və yenidən yüklənərsə, avtomatik olaraq bloklanacaq.

Ofcom Böyük Britaniyada rəqəmsal yayım, radio, televiziya və çap mediasına nəzarət edir. Qurum razılıq olmadan yayılan intim görüntülərin uşaq istismarı və terror məzmunu kimi ciddi pozuntu sayılması, həmçinin təkrar paylaşım zamanı avtomatik silinməsi ilə bağlı mexanizmləri nəzərdən keçirir.

Həmçinin internet provayderləri üçün bu tip məzmunu yerləşdirən saytlara çıxışın məhdudlaşdırılması barədə təlimat hazırlanacaq.

Baş nazir Kir Starmer bildirib ki, məqsəd zərərçəkənlərin “görüntü silinsə də yenidən yayılacaq” qorxusuna son qoymaqdır. Onun sözlərinə görə, onlayn mühit qadın və qızlara qarşı zorakılıqla mübarizənin əsas istiqamətlərindən biridir. Hökumət süni intellekt əsaslı çatbotlar və saxta çılpaqlaşdırma alətlərinə qarşı təxirəsalınmaz addımlar atır.

Elm, İnnovasiya və Texnologiya naziri Liz Kendall isə internetin qadın və qızlar üçün təhlükəsiz məkana çevrilməli olduğunu vurğulayaraq, heç bir qadının bir fotoşəklin silinməsi üçün günlərlə platformalara müraciət etməməli olduğunu qeyd edib.

Medianews.az

Bizə qoşulun