Sosial şəbəkədə əxlaqsızlıqla məşğul olan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Füzuli rayon sakini 1994-cü il təvəllüdlü T.Məmmədov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
Bildirilib ki, özünü cinsi azlıq nümayəndəsi kimi təqdim edən şəxs instaqramda izləyici sayı 2295 nəfər olan profili vasitəsilə mobil nömrəsini paylaşıb. O, özünün də qeyd etdiyi kimi paylaşdığı videogörüntülərdə hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmadan cazibəsini göstərmək üçün bədəninin müxtəlif hissələrini nümayiş etdirib. Bununla da sosial şəbəkədə əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək, əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq, cəmiyyətə açıqca hörmətsizlik etmək yolu ilə xırda xuliqanlıq edib.
Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 32 yaşlı şəxs 10 sutkalıq həbs edilib.