Medianews.az
“SSRİ 2.0” planı pozulub, amma Kremldən yenə hər cür pislik gözləmək olar
280 baxış

“SSRİ 2.0” planı pozulub, amma Kremldən yenə hər cür pislik gözləmək olar

Dörd il öncə Ukraynaya qarşı cinayətkar müharibəyə başlarkən Rusiya qısa müddətə qalib gələcəyinə əmin idi.

Moskvanın müharibə niyyətini dəqiqliklə müəyyən edə bilən Amerika və Britaniya kəşfiyyat orqanları da Rusiyanın imkanlarını şişirdərək Ukraynanın müqavimət qabiliyyətini aşağı qiymətləndirdilər.

Mİ6 istisna olmaqla Qərbin kəşfiyyat orqanları Kiyevin müqavimətinin qısa çəkəcəyini söyləyir, Rusiyanın bir neçə gün ərzində Ukraynanın şərqi və mərkəzi əyalətlərini ələ keçirəcəyinə inanırdılar. Ona görə bəzi Qərb dövlətləri hərbi əməliyyatların ilk saatlarından başlayaraq Kiyevdəki səfirliklərini Ukraynanın Qərb bölgəsinə, bəziləri isə ümumiyyətlə Polşaya köçürməyə başladılar.

Bayden administrasiyası Ukraynanın hakimiyyət orqanlarının da Kiyevdən təxliyəsinə təkid edirdi. Ukrayna prezidenti Volodimir Zelenski bu təklifləri rədd edərək paytaxtda qaldı və bununla da tarixin axarını dəyişmək istəyən Rusiyanın planlarını pozdu.

Prezident Zelenskinin işğala qarşı ümumxalq müqavimətinin təşkili ilə bağlı qərarı, Böyük Britaniyanın baş naziri, çağdaş dünya siyasətinin canlı əfsanəsi Boris Consonun vaxtında prosesə müdaxiləsi yalnız Ukraynanı deyil, yeni-yeni milli dövlət quruculuğu prosesinə qədəm qoyan postsovet ölkələrini də böyük bir fəlakətdən xilas etdi.

Rusiya 24 fevral 2022-ci ildə geniş miqyaslı müharibəyə başlarkən məqsədi yalnız Ukraynanı işğal etməkdən ibarət deyildi. Moskvanın planına görə 14 gün ərzində Ukrayna tamamilə ələ keçirilməli, Kiyevdə Putinin kirvəsi Viktor Medvedçukun başçılığı altında Kremlə tam bağlı hökumət qurulmalı idi. Bu planın gerçəkləşəcəyinə inanan Moskva Moldovanın işğalına bir gün, Mərkəzi Asiya və Cənubi Qafqazın hər birinin işğalına bir həftə vaxt ayırmışdı.

Moskvanın planına görə, 24 fevraldan etibarən bir ay ərzində bütün bu dövlətlər Moskvanın idarəçiliyi altına qaytarılmalı və şərti adı “SSRİ 2.0” olan yeni hərbi-siyasi ittifaq yaradılmalı idi.

Buna görə də prezident Zelenskinin dirəniş qərarı, Boris Consonun Ukraynaya tərəddüdsüz və birmənalı dəstəyi Rusiyanın “SSRİ 2.0” planını pozdu. Ukrayna xalqının rəşadətli müqaviməti isə ümumiyyətlə Putinin bədnam “SSRİ 2.0” planını əbədilik məhv etdi. Buna görə də postsovet ölkələrinin hər birində Ukrayna xalqının rəşadətli müqavimət hərəkatının, bu hərəkatın təməllərini atmış Volodimir Zelenski və Boris Consonun adının əbədiləşdirilməsi ədalətli olardı.

Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya təhdidinin, təhlükəsinin son 200 ildə ən aşağı səviyyəyə düşməsində Ukrayna xalqının rus işğalına qarşı rəşadətli müqavimətinin müstəsna rolu var.

Dörd ildir ki, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan media, casus şəbəkəsi hər kəsi inandırmağa çalışır ki, müharibənin səbəbi Qərb, xüsusilə də “anqlo-sakslar”dır. Hitler Almaniyasının təbliğat naziri Yozef Göbbelsin “kəşfi” olan “anqlo-sakslar” ifadəsi Kreml tərəfindən təsadüfən yenidən canlandırılmayıb. Kreml bu ifadəni siyasi leksikona qaytarmaqla və nəhəng təbliğat maşını vasitəsilə şüurlara yeritməklə diqqəti Rusiyada bərqərar olmuş raşizmdən yayındırmağa çalışır.

Rusiyanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparanların vəzifəsi isə raşizmin daha çox ifşa edilməsi olmalıdır. Rusiyanın müstəmləkəçi siyasətinin ifşasının ən doğru yolu budur. Bunun qarşısını almaq üçün də Kremlin nəhəng təbliğat maşını “anqlo-sakslar” ifadəsinin gündəmdən çıxmasına imkan verməməyə çalışır. Təəssüf ki, Azərbaycanda da Kremlin siyasi ritorikasına uyğun olaraq “anqlo-sakslar” ifadəsini kompromat kimi işlədənlər var.

Ukraynaya qarşı hibrid müharibəni dörd il öncə, 24 fevral 2022-ci ildə geniş miqyaslı müharibəyə çevirən Rusiya indi də Azərbaycana və Qazaxıstana qarşı hibrid müharibə aparır. Rusiyanın hibrid müharibəsinin qarşısı alınmasa, onun geniş miqyaslı işğalçılıq müharibəsinə çevrilə biləcəyini Rusiya 24 fevral 2022-ci ildə Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla sübut edib. Digər tərəfdən Almaniya kansleri Fridrix Mertsin ifadə etdiyi kimi Rusiya ən dərin barbarlığın dibindədir.

Ən dərin barbarlığın dibində olan Rusiyadan isə hər cür pislik gözlənilə bilər.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun