Dünya futbol çempionatları tarixində ilk dəfə olaraq tətbiq edilən, oyunların hər hissəsində verilən üç dəqiqəlik məcburi su fasilələrini bəzi idman mütəxəssisləri etirazla qarşılasalar da, alimlər fərqli fikirdədirlər. Onlar hesab edirlər ki, isti havada belə fasilələr nəinki olmalıdır, hətta fasilə müddətini daha da artırmaq lazımdır.
Medianews.az xəbər verir ki, alimlərin fikrincə, ən peşəkar idmançı da isti və rütubətli havada ciddi problemlərlə üzləşə bilər. Çünki güclü fiziki gərginlik nəticəsində onsuz da bədəndə istilik yaranır. Üstəlik, havanın istiliyi ürəyə, əzələlərə, sinir sisteminə və beyinə ağır yük olur. Alimlər bəyan edirlər ki, bədən temperaturu 40,5 dərəcəni keçəndə insan huşunu itirə, aqressivləşə, qərarvermə qabiliyyətindən məhrum ola bilər. Yaponiyanın Vasada Universitetinin professoru Yuri Hosokava bildirir ki, bunlar təcili tibbi müdaxilə tələb edən istilikvurmanın əsas əlamətləridir.
Hosokava və bir qrup alim may ayında FİFA-ya müraciət edərək oyunçuların təhlükəsizliyinin daha etibarlı təmin olunması üçün su fasilələrinin ən azı altı dəqiqə olmasını təklif etmişdi.
Mütəxəssislərin hesablamalarına görə, futbolçular isti havada bir saat ərzində 1-2 litr maye itirə bilər. Susuzlaşma nəticəsində bədən çəkisinin cəmi 2 faiz azalması isə fiziki göstəricilərin ciddi şəkildə zəifləməsinə gətirir.
ABŞ-ın Dartmut Kollecinin professoru Rayan Kalsbek qeyd edir ki, insan orqanizmi müəyyən həddə qədər isti şəraitdə yaxşı fəaliyyət göstərə bilər. Lakin kritik hədd keçildikdən sonra fiziki imkanlar sürətlə azalır. Onun sözlərinə görə, həddindən artıq istilik futbolçuların taktiki qərar vermə qabiliyyətinə də mənfi təsir göstərir.
Alimlər üç dəqiqəlik fasilələrin faydalı olduğunu söyləsələr də, bunun kifayət etmədiyini düşünürlər. Hazırda üç dəqiqəlik fasilədə futbolçular maye qəbul edə, boyunlarına, başlarına və qollarına soyuq, nəm dəsmal qoya bilirlər. Lakin mütəxəssislərin fikrincə, bədənin effektiv soyuması və itirilmiş mayenin bərpası üçün daha uzun fasilə lazımdır.
ABŞ-ın Konnektikut Universiteti nəzdində fəaliyyət göstərən Kori Strincer İnstitutunun rəhbəri Duqlas Kasa hesab edir ki, fasilələrin beş-altı dəqiqəyə qədər uzadılması oyunçuların vəziyyətinə yaxşı təsir göstərə bilər.
Kaliforniya Universitetinin Los-Anceles kampusundakı İstilik Laboratoriyasının direktoru Bharat Venkat isə bildirir ki, qlobal iqlim dəyişiklikləri fonunda gələcəkdə idman yarışlarının təşkil olunmasının vaxtı, məkanı və qaydaları yenidən nəzərdən keçirilməli olacaq.
Onun sözlərinə görə, Yer kürəsi isinməkdə davam etdikcə bütün idman növləri yeni şəraitə uyğunlaşmaq məcburiyyətində qalacaq.